Paris Sülh Forumu çərçivəsində COP29-dan COP30-a keçid və XIII Qlobal Bakı Forumuna hazırlıq mövzusunda yüksək səviyyəli görüş keçirilib

Baş səhifə

Bakı. Trend:

Paris Sülh Forumu çərçivəsində baş tutan “COP29-dan COP30-a:
Qlobal İqlim Dialoqunun İrəlilədilməsi və XIII Qlobal Bakı Forumuna
Hazırlıq” mövzulu görüş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə təşkil olunub.

Trend xəbər verir
ki, görüş Serbiyanın sabiq prezidenti Boris Tadiçin moderatorluğu,
dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçıları,
beynəlxalq təşkilat rəhbərləri, parlament üzvləri və ekspertlərin
iştirakı ilə baş tutub.

Görüş COP29-un nəticələrindən çıxış edərək, COP30-a hazırlıq
prosesi, qlobal iqlim maliyyələşməsi və dayanıqlı inkişafın
çağırışlarını müzakirə etmək məqsədini daşıyıb. Görüşdə müzakirə
olunan mövzular arasında Xəzər dənizinin hüquqi statusu, enerji və
ekoloji əməkdaşlıqla bağlı gündəlik məsələləri əhatə edən “Caspian
Sea agenda” da yer alıb.

Qeyd edək ki, Mərkəz son illərdə London və Bakı İqlim Fəaliyyəti
Həftələri, eləcə də Pekin, Daşkənd və Nyu-Yorkda keçirilmiş yüksək
səviyyəli toplantılarda iqlim gündəliyinə töhfə verib. Parisdə
keçirilən bu tədbir də Mərkəzin davamlı təşəbbüslərinin əsas
hissəsi hesab olunur.

Görüş çərçivəsində 2026-cı ilin mart ayında baş tutacaq XIII
Qlobal Bakı Forumuna dair müzakirələr də xüsusi yer alıb, o
cümlədən, Forumun təqdimatı baş tutub.

Tədbirdə çıxış edənlər arasında COP29 Prezidenti və Azərbaycan
Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar
Babayev, və eləcə də, COP20, COP21, COP22, COP24 və COP30
Prezidentləri, Şimali Makedoniya Prezidenti Qordana
Silyanovska-Davkova, Latviyanın xarici işlər naziri Baiba Braze,
Fransa Senatının vitse-prezidenti Xavier İokavelli, Fransa senatoru
Natali Gulet, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Yunanıstanın
sabiq Baş naziri Georgios Papandreu və Avropa Mərkəzi Bankının
sabiq Prezidenti Jan-Klod Trişe və digər nüfuzlu liderlər yer
alıb.