Bakı. Trend:
Pasternak Yuliya Oleqovna “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin Aparatının rəhbəri vəzifəsinə təyin edildi.
Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsindən məlumat verilib.
Bildirilib ki, Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali
təhsilinin bakalavr dərəcəsini Bakı Dövlət Universitetində İnzibati
idarəetmə ixtisası üzrə, magistr dərəcəsini isə Maliyyə menecmenti
üzrə tamamlamışdır.
Əmək fəaliyyətinə 2009-cu ildə başlamış, 11 il ərzində ölkənin
bank sektorunda maliyyə və mühasibatlıq sahəsində müxtəlif rəhbər
vəzifələrdə çalışaraq strateji maliyyə planlaşdırılması, büdcə
nəzarəti və risklərin idarə olunması üzrə dərin təcrübə
qazanmışdır. 2020–2025-ci illər ərzində Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə
departamentinə rəhbərlik etmiş, daha sonra isə “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdiri
vəzifəsində fəaliyyət göstərmişdir.
Yuliya Pasternak maliyyə və idarəetmə sahəsində beynəlxalq
səviyyədə tanınan ixtisasartırma proqramlarını uğurla
tamamlamışdır. Beynəlxalq Maliyyə Hesabatlığı Standartları (IFRS)
üzrə qabaqcıl biliklərə yiyələnmiş, vergi qanunvericiliyi və onun
tətbiqi sahəsində aktual yanaşmaları mənimsəmişdir. Eyni zamanda,
Almaniyada təşkilati inkişaf və innovasiya menecmenti üzrə
beynəlxalq proqramlar çərçivəsində idarəetmədə müasir metodların
tətbiqi üzrə bilik və bacarıqlarını təkmilləşdirmişdir.
Yuliya Pasternakın çoxşaxəli idarəçilik və təcrübəsi, dövlət və
özəl sektorda həyata keçirdiyi səmərəli idarəetmə fəaliyyəti,
analitik düşüncə tərzi və və strateji qərarvermə bacarığı onun bu
vəzifəyə təyin olunmasına zəmin yaratmışdır.
Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
İdarəsinin aparat rəhbəri vəzifəsini bundan öncə Fuad Xəlilov icra
etmişdir. Onun İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu
vəzifəyə Yuliya Pasternak seçilmişdir.

