Prezident İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və
Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.

Trend xəbər verir ki, Ağalı
kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103
ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli
2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36
ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə
bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və
qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə
kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan
park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də
qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət
göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu
zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün
bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri
əkilib.

x x x

Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışında
iştirak edib.

Dövlətimizin başçısına kənddə yaradılan şərait barədə məlumat
verildi.

Bildirildi ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188
fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və
39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq
hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq,
qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili
yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da
inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad
divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi
görünüşünə əlavə çalarlar qatır. Məmmədbəyli kəndi Ağalı kəndinə
çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin
olunması məqsədilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, bu
da 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik
uşaq bağçasından, Ailə sağlamlıq mərkəzindən, məişət xidməti
obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən
və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin
rahatlığını təmin edəcək.

Kənddə yaradılmış şəraitlə tanış olandan sonra dövlətimizin
başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb,
onlara mənzillərin açarlarını təqdim edib.