Azərbaycan-Gürcüstan energetika tərəfdaşlığı beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib – Baş nazir

Baş səhifə

Bakı. Trend:

Energetika sahəsində Azərbaycan ilə Gürcüstan arasında qurulmuş
uzunmüddətli səmərəli tərəfdaşlığın əhəmiyyətini vurğulamaq
istərdim. Bu strateji tərəfdaşlıq artıq regional sərhədləri aşaraq
beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib.

Trend-in
məlumatına görə, bunu Baş nazir Əli Əsədov V Tbilisi İpək Yolu
Forumunda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan-Gürcüstan energetika
əməkdaşlığı təkcə iqtisadi maraqlara deyil, həm də regionun
sabitliyi və inkişafına yönəlmiş birgə strateji baxışın
təzahürüdür.

“Bu əməkdaşlığın əsasını Bakı–Tbilisi–Ceyhan neft boru kəməri,
Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri və Cənub Qaz Dəhlizi kimi
beynəlxalq əhəmiyyətli layihələr təşkil edir.

Bu layihələr regionumuzun geosiyasi mənzərəsini dəyişmiş, enerji
resurslarının təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarına
çatdırılmasını təmin edib.

Xüsusilə də Azərbaycanın təşəbbüsü və Gürcüstanın fəal iştirakı
ilə reallaşan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji
təhlükəsizliyinin vacib komponentinə çevrilib.

Son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq
14-ə çatıb ki, onlardan 10-u Avropa ölkəsidir”, – deyə Ə. Əsədov
vurğulayıb.