Agentlik rəhbəri: Bakıda keçiriləcək beynəlxalq konfransda 20-dən çox ölkədən nümayəndə iştirak edəcək

Baş səhifə
Agentlik rəhbəri: Bakıda keçiriləcək beynəlxalq konfransda 20-dən çox ölkədən nümayəndə iştirak edəcək

Bakıda oktyabrın 24-də keçiriləcək “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək, dünyanın 20-dən çox ölkəsindən nümayəndə iştirak edəcək.

“Report” xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirə həsr olunan mətbuat konfransında deyib

Onun sözlərinə görə, SOCGOV 2025 beynəlxalq konfransı sosial xidmətlərin gələcək inkişafı, yeni idarəetmə yanaşmaları və beynəlxalq təcrübənin paylaşılması baxımından mühüm platforma olacaq.

Qeyd olunub ki, ilk dəfə keçiriləcək konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

“Tədbir vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar. Növbəti illər ərzində bu cür tədbirlər keçirməyi planlaşdırırıq”.

Konfransda məlumat verilib ki, konfransda ümumilikdə 350-dən çox iştirakçının iştirakı gözlənilir. Xorvatiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Rumıniya, Norveç, Belarus, Moldova, Portuqaliya, Serbiyadan xarici qonaqlar tədbirə qoşulacaq.