Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrənin
Cenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ci
Assambleyasında keçirilən “Böhran zamanı humanitar normaların
qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda
müzakirələrdə çıxış edib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, çıxışında bu gün dünyada münaqişələrin və təbii
fəlakətlərin sayının artmaqda davam etdiyini söyləyən spiker Sahibə
Qafarova bunun özü ilə yeni humanitar çağırışlar – zorakılıq,
köçkünlük, böhranlar və aclıq gətirdiyini bildirib. Birləşmiş
Millətlər Təşkilatının Baş katibinin bu yaxınlarda qlobal humanitar
fəaliyyətin iflasa uğramaq ərəfəsində olması ilə bağlı xəbərdarlıq
etdiyini xatırladan Milli Məclisin sədrinin sözlərinə görə, bu,
vəziyyətin nə qədər ciddi olduğunu və birgə tədbirlərə nə qədər
ehtiyac duyulduğunu açıq şəkildə göstərir.
Tədbir iştirakçılarına bu ilin avqustunda Vaşinqtonda Azərbaycan
və Ermənistanın Birgə Bəyannamə imzalaması haqqında məlumat verən
spiker Sahibə Qafarova deyib ki, tərəflər sülh sazişini də
parafladılar ki, bu da onilliklərlə davam edən
Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətində
tarixi addımdır. Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki,
bu əlamətdar hadisə Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlı
inkişafın yeni səhifəsini açacaq. Bu isə, hətta uzun müddətdir
davam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həll
oluna biləcəyinə dair əminlik yaradır.
Spiker Sahibə Qafarova müzakirə iştirakçılarının diqqətinə
çatdırıb ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu
öz təcrübəsində yaşayıb. Onun sözlərinə görə, hələ 1990-cı illərin
əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir
milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O
dövrdə 8 milyonluq xalq üçün bu, böyük faciə idi. Davamlı milli
səylər və beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycan köçkün
əhalisinin təcili ehtiyaclarını ödəyə bildi. 2020-ci ildə ölkəmiz
öz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmiş
ərazilərdə genişmiqyaslı yenidənqurma və reabilitasiya layihələrinə
başlayıb. Milli Məclisin sədri deyib ki, artıq qayıdış prosesi
başlayıb və bu gün əlli mindən çox insan yenidən orada yaşayır,
işləyir və oxuyur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin güclü siyasi iradəsinin və humanitar
fəaliyyətə sadiqliyinin sübutudur.
Bununla belə Sahibə Qafarova hələ də bəzi ciddi problemlərin
qaldığını söyləyib. O, bu sırada ən aktual məsələlərdən biri kimi
insanların həyatını təhdid etməyə və yenidənqurma işlərinə mane
törədən ərazilərimizin minalarla çirklənməsini göstərib. Spiker
diqqətə çatdırıb ki, işğal illərində Ermənistan tərəfindən
Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində çoxlu sayda
minalar yerləşdirilib. Vurğulanıb ki, 2020-ci ildən indiyədək
minalardan 400-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Bu
minalar və müharibə qalıqları həm də ətraf mühitə ciddi ziyan vurur
– torpağı və suyu çirkləndirir, biomüxtəlifliyi məhv edir və münbit
torpaqların becərilməsinin qarşısını alır.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmiz üçün humanitar
minatəmizləmə təkcə təhlükəsizlik tədbiri deyil, həm də ətraf
mühitin bərpası aktıdır.
Çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata
keçirilən yenidənqurma və bərpa işləri zamanı davamlı inkişaf və “yaşıl prinsiplər”in inkişafın hər bir mərhələsinə inteqrasiya
etdiyini vurğulayan spikerin bildirdiyinə görə, həmin ərazilərdə
bərpanın ətraf mühitin yenilənməsi ilə paralel getməsini təmin
etmək üçün yeni “ağıllı kəndlər” və “yaşıl enerji zonaları”
yaradılır. O deyib ki, humanitar bərpa və ekoloji tarazlıq birlikdə
inkişaf etməlidir.
Milli Məclisin sədri, assambleyada daha bir humanitar çağırış
kimi itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqət
çəkib. O vurğulayıb ki, münaqişə illərində 4000-ə yaxın
azərbaycanlı itkin düşüb və onların ailələri hələ də cavab
gözləyir. Bu, təkcə milli ağrı deyil, həm də bir çox ölkələrin
paylaşdığı universal humanitar narahatlıqdır.
Spiker bir daha diqqətə çatdırıb ki, Azərbaycan bu çağırışla
mübarizəni dəstəkləmək məqsədi ilə humanitar minatəmizləməni özünün
18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edib və digər
ölkələri də oxşar yanaşmanı nümayiş etdirməyə dəvət edir. Bundan
başqa, Azərbaycan humanitar minatəmizləmə üzrə beynəlxalq
konfranslar təşkil edir və ideyaların və qabaqcıl təcrübələrin
mübadiləsi üçün dəyərli platforma təmin edən “İtkin düşmüş
şəxslərlə bağlı Bakı Dialoqu”nu təsis edib.
Çıxışının sonunda Milli Məclisin sədri deyib ki, vaxtilə
humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir,
BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19
pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib və
son beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox
humanitar, maliyyə və texniki yardım çatdırıb. Bu səylər vasitəsilə
Azərbaycan göstərir ki, sülh, humanitar fəaliyyət və ekoloji
davamlılıq ayrılmazdır. Yalnız həmrəylik və ortaq məsuliyyət
sayəsində biz hamı üçün daha təhlükəsiz, daha yaşıl və daha
humanist gələcək qura bilərik.

