Paytaxtda ölümlə nəticələnən qəzada təqsirləndirilən həkimin məhkəməsi keçirilib

Baş səhifə

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə
təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya
şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin
növbəti prosesi baş tutub.

Trend xəbər
verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə baş verən
qəza ilə bağlı rəy verən ekspertlər Təhmasib Bağırov və Lətif
Əliyev tərəflərin suallarını cavablandırıb.

Təqsirləndirilən Azər Maqsudovun vəkili Musa Abdinov
ekspertlərin hadisə ilə bağlı verdiyi rəyin yanlış olduğunu
bildirib.

Ekspertlər də öz növbəsində hadisə ilə bağlı verdikləri rəyi
prosesdə izah ediblər.

Onlar yanlış rəy vermədiklərini bildiriblər.

Zərərçəkmiş tərəfin vəkilləri ekspertin rəyi ilə razılaşıb.

Daha sonra məhkəmə mülki iddiaya baxıb.

Təqsirləndirilən Azər Maqsudov mülki iddianı qəbul etməyib:




“O, bildirib ki, qarşı tərəf əvvəlcə bizdən 2 ədəd 2 otaqlı
mənzil istəsə, sonra 400 min manat, 250 min manat, sonda isə 125
min manat tələb edib. Lakin biz o məbləği qarşılaya bilmədik və 45
min manat təklif etdik. Mənim himayəmdə 2 azyaşlı var. Həmin
azyaşlılardan biri l qrup əlildir”.

Məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı məhkəmədən çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 27 oktyabrda keçiriləcək.

Xatırladaq ki, qəza 2023-cü ilin noyabr ayında Sabunçu rayonu
ərazisində baş verib.

Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu
rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza
törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli
avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində
avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.
A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon
xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək
mümkün olmayıb.

Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə
Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan
alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda
iştirak etmək üçün gəlibmiş.