Ramil Həsən Qazaxıstanın xarici işlər naziri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

17 oktyabr 2025-ci il tarixində Qazaxıstanın paytaxtı Astana
şəhərində Baş katib səfir Ramil Həsənin rəhbərlik etdiyi TÜRKPA
nümayəndə heyəti Qazaxıstan Respublikasının xarici işlər naziri
cənab Yermek Koşerbayevə nəzakət ziyarəti edib.

Trend xəbər verir ki, Yermek
Koşerbayev Ramil Həsəni fəaliyyətə başlaması münasibətilə təbrik
edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Baş katib səfir Ramil Həsən səmimi qəbula görə minnətdarlığını
bildirib və Assambleyanın gələcək inkişafı ilə bağlı təkliflərini
təqdim edərək, TÜRKPA-nın gələcək fəaliyyəti barədə məlumat
verib.

Görüşdə Assambleya çərçivəsində əməkdaşlığa dair fikir
mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatının cari ilin oktyabr
ayının 7-də Qəbələdə keçirilmiş 12-ci Zirvə görüşünün yekunları
müzakirə edilib.

Yermek Koşerbayev Qəbələ Zirvə görüşünün nəticələrinin TÜRKPA
çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə
verəcəyini qeyd edib. O, dəstəyini ifadə edərkən Qazaxıstanın türk
əməkdaşlığının parlament ölçüsünün gücləndirilməsinə böyük
əhəmiyyət verdiyini də vurğulayıb.

Baş katibi onun müavinləri Talqat Aduov, Muhammet Alper Hayali
və Komissiya katibi Aynurə Abutalıbova müşayiət ediblər.