Çexiya 112 milyon avroluq müqavilə imzalayıb

Baş səhifə

Bakı. Trend:

Çexiya Müdafiə Nazirliyi iki MILSATCOM hərbi peyk şəbəkəsinin
idarəetmə stansiyalarının alınması ilə bağlı böyük müqavilənin
imzalandığını elan edib.

Trend xəbər verir
ki, sövdələşmənin dəyəri 2,82 milyard Çexiya kronu (təxminən 112
milyon avro) təşkil edir.

Bu məbləğ yalnız avadanlığın tədarükünü deyil, həm də 11 il
ərzində texniki xidmət, maddi-texniki dəstək və kadr hazırlığını
əhatə edir. Yeni stansiyalar ABŞ Müdafiə Əməkdaşlığı Agentliyi
(DSCA) vasitəsilə alınacaq. Komplekslər LET (Large Enterprise
Terminals) stasionar baza stansiyaları əsasında qurulub və
avadanlığın çatdırılması 2027-ci ilə planlaşdırılır.




Nazirlik vurğulayıb ki, MILSATCOM-un tətbiqi Çexiyanın müdafiə
qabiliyyətinin gücləndirilməsi və NATO-nun kommunikasiya
infrastrukturuna inteqrasiyası istiqamətində səylərin mühüm
hissəsidir. Yeni sistem ordunu xarici müdaxilələrə və
kiberhücumlara davamlı, etibarlı və təhlükəsiz məlumat mübadiləsi
kanalları ilə təmin edəcək.

Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, müasir
peyk texnologiyaları Çexiya hərbçilərinə real vaxt rejimində
əməliyyatları əlaqələndirməyə və döyüş meydanında baş verənlərin
hərtərəfli mənzərəsini əldə etməyə imkan verəcək. Bu isə qoşunların
idarə edilməsini və müttəfiqlərlə qarşılıqlı əlaqələrin
səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.