
Bakı.Trend:
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan sabiq
diplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin sonuncu iclası
keçirilib.
Trend xəbər
verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə
sabiq diplomata hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Ramiz Vəliyev 5 il müddətə
azadlıqdan məhrum edilib. Əlavə cəza olaraq o, 2 il müddətinə
müəyyən vəzifə tutma hüququndan da məhrum olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Misir Ərəb
Respublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat Ramiz
Vəliyev DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 8 dekabr
2024-cü ildə saxlanılıb.
Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.
R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya
üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz
qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq
istifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına və
qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan
mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda
təqsirli bilinib.


