Həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılmasına yönələn pilot layihəyə başlanır

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi Dünya Bankının maliyyə dəstəyi ilə icra
etdiyi “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində “Sosial cəhətdən
həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” pilot
layihəsinə başlayır.

Trend bu barədə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər
verir.

Pilot layihə işsiz və ya işaxtaran şəxslərin istehsal və xidmət
sahələri üzrə məşğulluq imkanlarını artırmaq, o cümlədən
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluğunu təmin
etmiş şəxslərin bizneslərini inkişaf etdirmələrinə dəstək məqsədi
daşıyır.

Layihə ilkin mərhələdə Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz və
Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edəcək.

Layihədə iştirak üçün proqram iştirakçılarına dair tələblər
aşağıdakılardır:




Özünüməşğulluq proqramı çərçivəsində qurduğu təsərrüfatı son bir
il ərzində fəaliyyətdə olan;
Müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər
icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan (bununla
bağlı müvafiq vergi orqanından alınmış arayış müraciətə əlavə
edilməlidir).

Qeyd edilən meyarlara cavab verən 50 benefisiar seçiləcək və
onların işə qəbul etdikləri işçilərin əməkhaqqı və ona bağlı icbari
ödənişlərinin ilk 3 ayda tam məbləği, növbəti 3 ayda isə 50 faizi
“Məşğulluğa Dəstək Layihəsi” tərəfindən ödəniləcək.

Layihədə iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsilə
qeydiyyatdan keçə bilərlər.

https://survey.sosial.gov.az/index.php/617546?lang=az

Son müraciət tarixi 24 oktyabr 2025-ci ildir. Əlavə məlumat
almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq
filiallarına və DOST Mərkəzlərinə müraciət edə bilərsiniz.