
Bakı. Trend:
ABŞ-nin SpaceX şirkəti bazar ertəsi “Starship” kosmik gəmisinin
prototipini daşıyan raketin 11-ci sınaq uçuşunu həyata keçirib.
Trend xəbər verir
ki, buraxılış şirkətin X sosial şəbəkəsində canlı yayımlanıb.
Raket Texas ştatındakı Starbase buraxılış məntəqəsindən yerli
vaxtla saat 18:24-də (Bakı vaxtı ilə 03:24-də) havaya qalxıb. Qeyd
edək ki, əvvəlki “Starship” buraxılışı avqustun sonunda uğurla baş
tutmuşdu.
Bu dəfəki sınaqda kosmik gəmi yükləmə bölməsindən səkkiz
simulyasiya edilmiş “Starlink” rabitə peykini yerləşdirməyə cəhd
edəcək. Eyni zamanda, prototipin buraxılış meydançasına
qaytarılması məqsədilə yeni texnoloji təkmilləşdirmələr sınaqdan
keçirilir. Uçuşun təxminən bir saat davam edəcəyi və Hind okeanında
suya enişlə başa çatacağı gözlənilir.
SpaceX rəhbəri İlon Mask mart ayında bildirmişdi ki, şirkət
2026-cı ilin sonunadək “Starship” vasitəsilə insanabənzər “Optimus”
robotunu Marsa göndərməyi planlaşdırır. Əgər bu missiya uğurlu
olarsa, 2029-cu ildə Marsa insanlı uçuşlar da mümkündür. Maskın
uzunmüddətli hədəfi 20 il ərzində Marsda özünü təmin edən şəhər
yaratmaqdır.
“Starship” sistemi çoxfunksiyalı layihə kimi nəzərdə tutulub —
insanlı orbit uçuşları, peyk buraxılışları, Ay və Mars missiyaları,
həmçinin daha uzaq kosmik istiqamətlər üçün istifadə ediləcək.
Sistem yenidən istifadə oluna bilən “Super Heavy” və “Starship”
modullarından ibarətdir. Onun ümumi hündürlüyü 121 metr, diametri 9
metr, yükgötürmə qabiliyyəti isə 100–150 ton təşkil edir.

