Bakı. Trend:
Cənubi Koreyanın paytaxtında 2028-ci ilə qədər nüvə, bioloji və
kimyəvi təhlükələrdən qorunmaq üçün mülki şəxslər üçün ilk yeraltı
sığınacaq inşa olunacaq.
Trend xəbər verir
ki, bu barədə “Korea Herald” qəzeti məlumat yayıb.
Sığınacaq Seuldakı yaşayış kompleksinin üçüncü zirzəmisində
yerləşəcək və havalandırma, su təchizatı və kanalizasiya sistemləri
ilə təchiz olunacaq. Bunker 2147 kvadratmetr sahəni əhatə edəcək və
iki həftə ərzində 1020-ə qədər insanı qəbul edə biləcək.
Qeyd edilir ki, sülh dövründə bunker ictimai idman mərkəzi kimi
fəaliyyət göstərəcək. Qəzet vurğulayıb ki, bu, vilayət
hakimiyyətinin müstəqil şəkildə inşa edəcəyi mülki şəxslər üçün
nüvə silahına davamlı ilk sığınacaq olacaq. Tikintinin 2028-ci ildə
başa çatdırılması planlaşdırılır, 16 binadan ibarət yaşayış
kompleksinin layihələndirilməsi isə hazırda 70% tamamlanıb.

