
Bakı.Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika
Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Misir Ərəb
Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən dəvətlə
Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin xarici siyasətində
strateji əhəmiyyətli mərhələdir.
Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.
Politoloq bildirib ki, Bu hadisə təkcə protokol səviyyəli səfər
deyil, həm də Azərbaycanın beynəlxalq diplomatiyada yeni geosiyasi
vektora – Yaxın Şərq regionuna daxil olmasının rəsmi
təsdiqidir.
“Prezident İlham Əliyevin son illərdə ardıcıl şəkildə həyata
keçirdiyi çoxvektorlu diplomatiya strategiyası indi konkret nəticə
verir: Azərbaycan artıq Cənubi Qafqazın regional aktoru olmaqdan
çıxaraq, Qərb–Şərq–Cənub siyasətinin kəsişməsində yerləşən balanslı
güc mərkəzi kimi formalaşır. Yaxın Şərq Sülh Sammitinə dəvət həm
ABŞ rəhbərliyinin, həm də Misir kimi ərəb dünyasının aparıcı
dövlətinin təşəbbüsü ilə gerçəkləşib. Bu, Azərbaycanın diplomatik
nüfuzunun beynəlxalq səviyyədə etirafıdır.”
A.Qarayev qeyd edib ki, burada bir neçə mühüm məqam var:
“Birincisi, Azərbaycan bu sammitdə “müşahidəçi” yox, tərəfdaş
dövlət statusunda iştirak edir. Bu o deməkdir ki, Bakı yalnız
regiondakı prosesləri izləməkdə maraqlı deyil, həm də sülh və
təhlükəsizlik gündəminin formalaşmasında iştirak edir. İkincisi, bu
dəvət Qərbin və ərəb dünyasının Azərbaycana eyni anda etimad
göstərdiyini sübut edir. Belə bir vəziyyət yalnız o ölkələr üçün
mümkündür ki, onların diplomatik siyasəti balanslı, etibarlı və
proqnozlaşdırılandır. Üçüncüsü, Azərbaycan beynəlxalq siyasətdə
artıq “təchizatçı ölkə” və “keçid qovşağı” statusundan daha irəli
gedərək, vasitəçi və sabitlik ixrac edən dövlət roluna keçir. Bu
kontekstdə, Prezident Əliyevin Misirdə iştirakı Azərbaycan
diplomatiyasının yeni funksional mərhələyə – qlobal dialoq
masalarına çıxma mərhələsinə keçdiyini göstərir.”
Politoloq bildirib ki, Prezident İlham Əliyevin bu sammitdə
iştirakı, əslində, Azərbaycanın bu balanslı və proqnozlaşdırıla
bilən siyasət modelinin beynəlxalq səviyyədə tanınmasının
göstəricisidir.

