
Bakı. Trend:
İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun
dəyişdirilməsi mexanizmi təkmilləşdirilir.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü iclasında
müzakirə edilən “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, mövcud qanunda bu hüququn ipoteka saxlayanlar
arasında müqavilə əsasında dəyişdirilə bilməsi nəzərdə tutulub.
Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində
üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat
qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində
qeydiyyata alınması təklif olunur.
Qanun layihəsinə əsasən, ipotekaya dair tələblərin ödənilməsində
üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə
hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın
rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü
müddətində qeydə alınacaq. Həmçinin ipotekaya dair tələblərin
ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumu
üstünlük hüququnun keçdiyi ipoteka saxlayan tərəfindən
ödəniləcək.
Vurğulanıb ki, ipotekaya dair tələblərin ödənilməsində üstünlük
hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha
işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın
hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.
Qeyd edilib ki, qanun layihəsinin qəbul edilməsi nəticəsində
ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz
əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu
hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin
ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

