Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin 07 oktyabr tarixində İordaniyanın paytaxtı Əmman
şəhərində Azərbaycan Respublikasının İordaniya Haşimilər
Krallığındakı Səfirliyinin təşkilatçılığı və YUNESKO üzrə
Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə, Petra
Milli İnam Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
şahzadə Dana Firasın himayədarlığı altında “Əsrlərin Sədası:
Azərbaycan Musiqi Alətləri” adlı sərginin açılış mərasimi
keçirilib.

Trend xəbər verir ki,
mərasimdə İordaniyanın dövlət və mədəniyyət qurumlarının
nümayəndələri, Krallıqda akkreditə olunmuş diplomatik korpusun
üzvləri, elmi və incəsənət dairələrinin təmsilçiləri, habelə yerli
ictimaiyyətin görkəmli nümayəndələri iştirak edib.

Sərginin açılışı mərasimində çıxış edən Azərbaycan
Respublikasının İordaniya Haşimilər Krallığındakı Fövqəladə və
Səlahiyyətli səfiri Eldar Səlimov təqdim olunan sərginin təkcə
sənət ekspozisiyası deyil, eyni zamanda Azərbaycan xalqının
ruhunun, çoxəsrlik tarixinin və zəngin mədəni irsinin təcəssümü
olduğunu qeyd edib. Səfir Azərbaycanın musiqi ənənəsinin qədim
dövrlərə – musiqi və rəqs səhnələrinin əks olunduğu Qobustan və
Gəmiqaya qayaüstü təsvirlərinə qədər uzandığını vurğulayıb.

E.Səlimov Azərbaycan musiqisinin xalqın mənəvi həyatında daim
mühüm yer tutduğunu, “Kitabi-Dədə Qorqud” dastanında, eləcə də
Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi böyük klassiklərin
yaradıcılığında geniş əks olunduğunu bildirib. O, həmçinin Üzeyir
Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev və digər
görkəmli sənətkarların adlarını xatırladaraq, onların
yaradıcılığının Şərqlə Qərb arasında mədəni körpü rolunu oynadığını
diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, sərgidə nümayiş
etdirilən hər bir musiqi aləti – tar, kamança, nağara, saz, qaval,
qanun, ud, tütək və zurna – milli yaddaşın canlı daşıyıcısı,
Azərbaycan xalqının tarixi və mənəvi kimliyinin ifadəsidir.




Daha sonra E.Səlimov Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan musiqi mədəniyyətinin yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərin
bariz nümunələrindən biri kimi milli mədəni dirçəlişin rəmzinə
çevrilmiş Şuşa şəhərində “Xarıbülbül” festivalının bərpasını
vurğulayıb.

Çıxışın sonunda səfir YUNESKO üzrə Azərbaycan Respublikasının
Milli Komissiyası adından sərgidə təqdim olunan musiqi alətlərini
və Azərbaycan xalqının qədim sənətkarlıq irsini təmsil edən
xalçaları Petra Milli İnam Fonduna rəsmi hədiyyə kimi təqdim
edərək, bu rəmzi addımın Azərbaycanın bəşəriyyətin ümumi mədəni
irsinin qorunması və təşviqinə verdiyi töhfənin təzahürü olduğunu
söyləyib.

Sərgi çərçivəsində tədbir iştirakçıları üçün İordaniyanın
“Duroob” qrupunun ifasında Azərbaycan milli musiqisinin klassik
nümunələrindən ibarət proqram təqdim olunub.