
Bakı. Trend:
2027-ci ilə qədər qlobal halal məhsullarına çəkilən xərclərin
təxminən 3 trilyon dollara çatacağı gözlənilir.
Trend xəbər verir
ki, bunu İslam İnkişaf Bankının (IsDB) Qabaqcıl Təcrübə Mərkəzinin
rəhbəri Samir Elesavi Halal Biznes Forumunda etdiyi çıxışda
deyib.
Samir Elesavinin sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına
(İƏT) üzv ölkələr daxilində halal məhsulların idxalı 2022-ci ildəki
359 milyard dollardan 2027-ci ildə təxminən 492 milyard dollara
yüksələcək. Bu isə halal iqtisadiyyatının nəhəng potensialını əks
etdirir.
O qeyd edib ki, bu artım iqtisadi inkişaf, investisiyaların
cəlbi, ticarətin stimullaşdırılması və yeni iş yerlərinin
yaradılması üçün geniş imkanlar açır.
“Halal sənayesi İslam İnkişaf Bankına üzv ölkələr üçün davamlı
və inklüziv artımın əsas hərəkətverici qüvvələrindən birinə
çevrilir,” – deyə Elesavi vurğulayıb.
O qeyd edib ki, strateji mövqeyi və sürətlə inkişaf edən
iqtisadiyyatı sayəsində Azərbaycan qlobal halal tədarük zəncirində
aparıcı mövqe tuta bilər.
“Halal məhsullar üzrə sənaye parklarının yaradılması və
sertifikatlaşdırma sisteminin inkişafı ölkənin beynəlxalq
bazarlardakı mövqeyini daha da gücləndirəcək,” – deyə o əlavə
edib.
Elesavi həmçinin qeyd edib ki, halal sektorunun
rəqəmsallaşdırılması və blokçeyn kimi texnologiyaların tətbiqi
məhsullara şəffaflıq və etibarlılıq qazandıracaq. O, Azərbaycanın
yeni dördkateqoriyalı halal sertifikatlaşdırma sistemini tətbiq
etməsi və Azərbaycan Standartlaşdırma İnstitutunun Türkiyənin Halal
Akkreditasiya Agentliyi tərəfindən akkreditasiyadan keçməsi
münasibətilə təbrik edib.

