
Bakı. Trend:
Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizində əsas tərəfdaşdır.
Bunu Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos
sentyabrda Azərbaycana səfərindən sonra Trend-ə özəl müsahibəsində deyib.
Azərbaycana səfərin əsas məqamları
Avropa komissarı qeyd edib ki, Azərbaycan və Ermənistan arasında
sülh sazişinin paraflanmasından sonra Cənubi Qafqaz regionunda
köklü transformasiya müşahidə olunub.
“Bu tarixi məqamda mən Bakıya aydın mesajla gəldim: Avropa
İttifaqı (Aİ) münasibətlərimizi yeni siyasi səviyyəyə qaldırmaq
üçün bu tarixi fürsətdən istifadə edərək Azərbaycana dəstək verməyə
hazırdır. Bu, mənim Azərbaycana ilk rəsmi səfərim olub. Prezident
İlham Əliyevlə görüşdüm və onun sülh prosesinə rəhbərlik etdiyinə
görə təbriklərimi bildirdim. Mən minalarla mübarizə səylərinə
dəstəyimizi genişləndirmək niyyətimizi bildirdim – Aİ 23 milyon
avroya qədər yardım etməyə hazırdır. Biz qarşılıqlı maraq doğuran
geniş spektrli sahələri, o cümlədən nəqliyyat əlaqəsi, enerji
əməkdaşlığı və minalarla mübarizəni müzakirə etdik”, – deyə o
bildirib.
Kos vurğulayıb ki, xüsusən də mövcud geosiyasi kontekstdə
nəqliyyat əlaqəsi həm Aİ, həm də Azərbaycan üçün daha böyük siyasi
əhəmiyyət kəsb edir.
“Mərkəzi Asiya və Avropanı birləşdirməklə regionun bütün
potensialını açmaq olar. Biz həmçinin Aİ ilə Azərbaycan arasında
iqtisadi əməkdaşlığı gücləndirmək və investisiyaların təşviqi
imkanlarını araşdırmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun
yaradılması barədə razılığa gəldik”, – deyə Avropa Komissarı əlavə
edib.
Orta Dəhlizin inkişafında Aİ-nin rolu
M.Kos qeyd edib ki, uzun müddət ərzində ilk dəfə olaraq Cənubi
Qafqaz vasitəsilə Avropadan Mərkəzi Asiyaya ticarət yollarının
perspektivi reallığa çevrilir:
“Mənim Azərbaycana səfərim Aİ-ni Cənubi Qafqaz və daha sonra
Qara dəniz regionu vasitəsilə Asiya ilə birləşdirən daha geniş
strategiyanın ilk addımı oldu. Biz Mərkəzi Asiyanın
perspektivlərini nəzərə alaraq nəqliyyat, enerji və rəqəmsal
infrastrukturu inkişaf etdirməklə Azərbaycanla əlaqələri
gücləndirmək istəyirik. Aİ-nin Azərbaycan üçün müsbət gündəliyi
var: iqtisadi inkişafı və davamlı artımı stimullaşdırmaq üçün
konkret təkliflər. Bu, Orta Dəhlizin inkişafı üçün həlledici
əhəmiyyət kəsb edən Azərbaycana mühüm iqtisadi, siyasi və strateji
faydalar gətirir. Bu kontekstdə Azərbaycan Transxəzər Nəqliyyat
Dəhlizində əsas tərəfdaşdır”.
Avropa komissarı vurğulayıb ki, Avropa və Azərbaycan dəhlizin
uğurunun təmin edilməsində maraqlıdır.
“Qarşıdakı aylarda biz bu niyyətləri daha da
konkretləşdirəcəyik: oktyabrın 9-10-da Brüsseldə ikinci “Qlobal
Qapılar” (Global Gateway) Forumu keçiriləcək, oktyabrın 20-də isə
regionlar arasında təhlükəsizlik və əlaqə ilə bağlı nazirlərin
görüşü keçiriləcək. İlin sonuna kimi biz özəl sektoru da Transxəzər
Nəqliyyat Dəhlizində investisiya imkanlarını araşdırmağa dəvət
edəcəyik”, – deyə o əlavə edib.
Daha geniş regional əlaqə çərçivəsində nəqliyyat
sektorunda əməkdaşlığın gücləndirilməsi
“Bizim strategiyamız Avropa təcrübəsinə əsaslanır. Avropa
əməkdaşlığı ona görə uğurlu oldu ki, biz əvvəllər tarixi düşmən
olan ölkələr arasında qarşılıqlı maraq doğuran konkret sahələr
üzərində işləməyə başladıq. Nəqliyyat və logistika həm də
Azərbaycan və Aİ, eləcə də daha geniş Cənubi Qafqaz regionu ilə
əlaqələrin təməli ola bilər. Hər iki sektor həm biznes, həm də
vətəndaşlar üçün böyük siyasi əhəmiyyətə malik əsas iqtisadi
sahələrdir. Əminəm ki, bu sahələrdə uğurlu əməkdaşlıq Azərbaycan
ilə Avropa arasında münasibətləri yeni müsbət müstəviyə çıxara
bilər”, – deyə o bildirib.
Avropa komissarı qeyd edib ki, Aİ Avropanı regiona yaxınlaşdıran
marşrutların bərpası, modernləşdirilməsi və reabilitasiyasında
Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır.
Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesinə
baxışı
Kos qeyd edib ki, Avropa İttifaqı Vaşinqtonda sülh sazişi
mətninin paraflanmasını alqışlayır.
“Bu, regionda davamlı sülh və sabitlik yolunda mühüm addımdır.
İmzalanmış və ratifikasiya olunmuş sülh sazişi keçmiş münaqişələrə
son qoyacaq və regionun inkişafına mühüm müsbət təsir göstərəcək.
Bu, sülh və sabitliyin yeni səhifəsini açacaq. Sazişin əsas
elementi nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi
öhdəliyidir. Bu, təkcə region daxilində əlaqələri gücləndirməyəcək,
həm də Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiyaya yaxınlaşdıracaq.
Azərbaycan mümkün transsərhəd və regional əməkdaşlıq təşəbbüsləri,
barışıq səyləri və humanitar məsələlər də daxil olmaqla normallaşma
prosesini daha da irəlilətmək üçün Avropa İttifaqına ümid edə
bilər”, – deyə o əlavə edib.
Aİ-nin Ukraynada Azərbaycanın enerji infrastrukturu
əleyhinə Rusiyanın hərəkətlərinə münasibəti
Avropa komissarı vurğulayıb ki, Aİ bu hücumları qətiyyətlə
pisləyir.
“Bu təsadüf deyil. Aİ və Azərbaycan Ukraynanın ərazi bütövlüyünü
qətiyyətlə dəstəkləyir. Rusiyanın Ukraynanın mülki enerji
infrastrukturuna qarşı qəsdən həyata keçirdiyi hücumlar əsassızdır
və heç bir bəraəti yoxdur. Bu, tamamilə qəbuledilməzdir və dərhal
dayandırılmalıdır. SOCAR-ın aktivlərinə edilən hücumlar Rusiyanın
davam edən təcavüzünün növbəti addımıdır”, – deyə M.Kos qeyd
edib.
“Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Aİ ilə
Azərbaycan arasında əlaqələrin gücləndirilməsi
M.Kos qeyd edib ki, “Şərq Tərəfdaşlığı” sülh prosesinin və daha
geniş transregional əlaqə gündəliyinin irəliləyişi üçün mühüm
platforma olaraq qalır.
“”Şərq Tərəfdaşlığı” ölkələri və Xəzər dənizi üzərindən Mərkəzi
Asiyadakı tərəfdaşlarımızla birgə işləmək vacibdir. Azərbaycan bu
səylərdə mərkəzi tərəfdaşdır. Azərbaycana səfərimin məqsədi Aİ-nin
Azərbaycanın “Şərq Tərəfdaşlığı” çərçivəsində mövqeyinin
möhkəmləndirilməsinə və onun Avropa üçün strateji tərəfdaş kimi
rolunun tanınmasına siyasi sadiqliyini vurğulamaq olub. Əminəm ki,
mənim səfərim münasibətilə işə başladığımız İqtisadiyyat üzrə
Yüksək Səviyyəli İşçi Qrup bu məqsədə nail olmağa öz töhfəsini
verəcək”, – deyə o əlavə edib.
Əsas sektorlarda gələcək Aİ-Azərbaycan
əməkdaşlığı
“Biz sıfırdan başlamırıq. 2022-ci ilin iyul ayında Avropa
Komissiyasının sədri Ursula fon der Lyayen və Prezident İlham
Əliyev arasında Anlaşma Memorandumunda razılaşdırılmış
prioritetlərə uyğun olaraq, biz regional enerji əlaqəsini
gücləndirməyə, bərpa olunan enerjini inkişaf etdirməyə və enerji
səmərəliliyini artırmağa davam edəcəyik”, – deyə komissar
bildirib.
O qeyd edib ki, siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığın
bərpası Azərbaycan və Aİ arasında münasibətlərdə yeni səhifənin
əsas elementləri olacaq:
“Tərəfdaşlığımızı inkişaf etdirmək üçün biz Aİ-Azərbaycan
Tərəfdaşlıq Prioritetlərini yeniləməliyik. Sülh quruculuğu və
nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanla gələcək
əməkdaşlığımızın əsas prioritetləri olaraq qalır. Mən həmçinin
iqlim və ətraf mühit, təhsil və ticarət kimi sahələrdə əməkdaşlığın
genişləndirilməsi və dərinləşdirilməsi üçün böyük potensial
görürəm”.

