“Azerenerji” Dünya Bankı ilə əməkdaşlıq edərək şəbəkə sərmayəsini gücləndirir – IFC nümayəndəsi

Baş səhifə

Bakı. Trend:

Şəbəkəyə sərmayənin prioritetləşdirilməsi, etibarlı enerji
alqı-satqı müqavilələri (PPA) və dənizdə pilot layihələrin həyata
keçirilməsi investisiya mühitini yaxşılaşdırmaq üçün əsas
amillərdir. Hal-hazırda Azərbaycanda 2027-ci ilə qədər layihələr
üçün ayrılmış və istifadəyə hazır 1,7 gigavatlıq enerji potensialı
mövcuddur.

Trend xəbər
verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və
Cənubi Qafqaz üzrə investisiya məsələləri mütəxəssisi Vyaçeslav
Qordiyenko Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan
və Mərkəzi Asiya” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, birinci prioritet şəbəkəyə sərmayə
qoyuluşunun təmin edilməsidir: “Bununla bağlı ümidverici məqam odur
ki, “Azərenerji” ASC geniş sərmayə proqramını həyata keçirmək üçün
Dünya Bankı Qrupu ilə yaxından əməkdaşlıq edir.

Şəbəkədən əlavə, gəlirin proqnozlaşdırıla bilməsi də vacibdir.
Bu baxımdan, PPA-ların mövcudluğu əhəmiyyətlidir. Ən ideal variant
etibarlı bir alıcı və borcun ödənilmə müddəti ilə uyğun gələn
müqavilə müddətinə malik PPA-lardır. Bu, əlavə investisiya cəlb
etmək üçün əlverişli şərait yaradır”.

IFC nümayəndəsi vurğulayıb ki, Azərbaycanda dəniz layihələri
baxımından isə 200 meqavatlıq pilot layihənin həyata keçirilməsi
çox müsbət addımdır: “Bu pilot layihə real layihəyə keçidin yolunu
göstərmək baxımından vacibdir. Əks halda, bu imkanın çox geniş
olması bir ölkənin təkbaşına öhdəsindən gəlməsini çətinləşdirir və
regional əməkdaşlığı tələb edir”.




Vyaçeslav Qordiyenko qeyd edib ki, etibarlı enerji alqı-satqı
müqavilələrində (PPP) və layihə inkişafında risklərin idarə
olunması erkən planlaşdırma, standartlaşdırılmış PPA-lar,
sərmayənin sərtləşdirilmiş valyutada təşkil olunması, yerli
valyutada kredit və valyuta hedcinqi vasitəsilə mümkündür:

“Ən ideal yol riskləri erkən mərhələdə nəzərə almaqdır. Hökumət
tərəfi “bankable PPP” çərçivəsini dizayn edərkən, şirkət tərəfi isə
layihənin hazırlanması və dizaynında riskləri minimal səviyyəyə
endirə bilər.

Standart PPA-nın mövcudluğu, hər layihə üçün yeni müqavilə
müzakirəsi aparmaqdan daha səmərəlidir. Bu, hüquqi xərcləri və vaxt
itkisini azaldır.

Valyuta riskləri də investorlar və layihə inkişaf etdiricilər
üçün böyük əhəmiyyət kəsb edir. Ən çox istifadə olunan yanaşma “offtake” müqaviləsini sərtləşdirilmiş valyutada təşkil etməkdir.
Bu halda valyuta riski inkişaf etdiricidən alıcıya ötürülür. Əgər
bu mümkün deyilsə, başqa yol yerli valyutada kredit almaqdır”.

“Həmçinin valyuta riski ilə bağlı gələcək gəlirlərin qorunması
üçün “swap” və “futures” kimi hedcinq vasitələrindən istifadə etmək
mümkündür. Bu, əlavə xərclər yaratsa da, gələcək gəlirlərə daha çox
etibar təmin edir”, – deyə o əlavə edib.