Ukrayna dron zərbələri ilə Rusiyanın Tuapse və Novorossiyskdəki neft terminallarını iflic edib

Baş səhifə
Ukrayna dron zərbələri ilə Rusiyanın Tuapse və Novorossiyskdəki neft terminallarını iflic edib

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin dəniz zərbə dronları sentyabrın 24-də Rusiyanın Qara dəniz sahilindəki logistika obyektlərinə – Novorossiysk və Tuapse limanlarına hücum edib, nəticədə bir sıra neft obyektlərində əməliyyatlar dayandırılıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” Ukrayna kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

“Baş Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində rusların öz tankerlərinə, o cümlədən kölgə donanmasının neftini yüklədiyi Novorossiysk yaxınlığında yerləşən “Transneft” neft yükləmə kompleksinin və Xəzər Boru Kəməri Konsorsiumu terminalının fəaliyyəti iflic olub. Bu neft aşırma məntəqələri gündə 2 milyon barel xam nefti ixrac etmək gücünə malikdir”, – mənbə bildirib.

Baş Kəşfiyyat İdarəsinin dəniz qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Rusiyanın Tuapse limanındakı ən böyük terminallarından birinin neft yükləmə estakadasına da zərbələr endirib.

Mənbələrin məlumatına görə, Rusiya qüvvələrinin xaotik və qeyri-dəqiq atəşləri hücum yerindən onlarla kilometr aralıda yerləşən Novorossiysk, Tuapse və Soçidə yaşayış binalarının dağıdılmasına, bir neçə avtomobilin sıradan çıxmasına və əhali arasında çaxnaşmaya səbəb olub.