Yunanıstanın Kassandra yarımadasında güclü yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Yunanıstanın Kassandra yarımadasındakı Siviri ərazisində güclü
meşə yanğını baş verib. Qabaqlayıcı tədbir olaraq yerli
çimərliklərdən 347-dən çox insan dəniz yolu ilə təhlükəsiz yerlərə
təxliyə edilib, 2 yanğınsöndürən isə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Skai” televiziya kanalı məlumat yayıb.




Məlumatda bildirilir ki, 155 yanğınsöndürən, 57 texnika, 4
piyada dəstə, həmçinin 9 təyyarə və 7 helikopter Xalkidiki
yarımadasının tərkibinə daxil olan üç yarımadadan ən qərbdə
yerləşən Kassandrada günortadan sonra başlayan güclü yanğının
söndürülməsinə cəlb olunub. Yanğın cəbhəsi bir neçə kilometr
məsafədə uzanır. Yanğından mühafizə xidmətinin katerləri və özəl
qayıqlarla yerli çimərliklərdən, eləcə də bəzi qəsəbələrdən 347-dən
çox insan dəniz yolu ilə təhlükəsiz ərazilərə aparılıb.

Həmçinin bir otel təxliyə olunub, bəzi yerli yollar nəqliyyatın
hərəkəti üçün bağlayıb. İki yanğınsöndürən təcili tibbi yardım
maşınları ilə xəstəxanaya çatdırılıb: onların biri səhhətinin
pisləşməsi, digəri isə aşağı ətrafın zədələnməsi (ayaq xəsarəti)
səbəbindən.