
Bakı. Trend:
Azərbaycan bizim əsas tərəfdaşımızdır və ölkələrimiz arasındakı
ticarət-iqtisadi əməkdaşlıq hər il davamlı müsbət dinamika nümayiş
etdirir.
Trend xəbər
verir ki, bunu Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova
bu gün Bakıda keçirilən Avrasiya Françayzinq Forumunda çıxışı
zamanı deyib.
O bildirib ki, cari ilin 8 ayında iki ölkə arasındakı qarşılıqlı
ticarət təxminən 350 milyon ABŞ dolları təşkil edib:
“Dövlət başçıları qarşılıqlı ticarət dövriyyəsini 1 milyard
dollara çatdırmaq üzrə ambisiyalı vəzifə qoyublar. Hesab edirəm ki,
bu vəzifələr bizim üçün əlçatandır. Françayzinq tərəfdaşlıqlarının
tərkibində birgə türkdilli dövlətlərin vahid brendi altında inkişaf
üçün böyük potensial mövcuddur.
Keçən ilin iyun ayında Qazaxıstan Prezidenti Qasım-Jomart
Kəmaləviç Tokayev ümumtürk patent təşkilatının yaradılması
təşəbbüsünü elan edib. Bu təşəbbüs qardaş ölkələr tərəfindən
dəstəklənib. Hazırda müvafiq sənədlərin konsepsiyalarının
razılaşdırılması ilə bağlı təşkilati işlər aparılır. Təşkilat
tamamlandıqdan sonra ilk strateji layihə kimi ümumtürk vahid
brendinin qeydiyyatını işləyib hazırlamaq simvolik olardı. Bu,
türkdilli ölkələrin iqtisadi və mədəni potensialını beynəlxalq
səviyyədə tanıtmaq üçün güclü bir stimul olardı və Çin, Avropa,
Hindistan, Afrika bazarlarına çıxış imkanı açardı. Amma bu yalnız
ilk addımdır”.
Nazir müavini vurğulayıb ki, stabil ticarət və logistika
əlaqələrinin təmin olunması çox vacibdir:
“Bu baxımdan, transxəzər beynəlxalq marşrutunda böyük potensial
mövcuddur. Bu marşrut bu gün Avrasiya ticarətinin əsas arteriyasına
çevrilib. Son 5 ildə biz bu marşrut üzrə ticarət dövriyyəsini
təxminən 6 dəfə artırmışıq. Keçən il marşrut üzrə dövriyyə 4,5
milyon dollar olub. Bu il isə həcmin daha da artması planlaşdırılır
və ilin sonuna 5 milyon dollara çatdırılması nəzərdə tutulur.
Qazaxıstan həmçinin rəqəmsal əməkdaşlıq və innovasiyaların
tətbiqinə xüsusi diqqət yetirir. İT, süni intellekt və rəqəmsal
platformaların inkişafı bu gün rəqabət qabiliyyətini artıran əsas
amillərdəndir.
İşgüzar səfərim zamanı çox maraqlı rəqəmsal məhsullarla tanış oldum
və onları milli qanunvericiliyimizə tətbiq etməyi planlaşdırırıq.
Rəqəmsal həllərlə françayzinq modellərinin birləşməsi böyük
perspektivlər açır, ticarəti daha əlçatan, şəffaf və sürətli
edir”.

