
Bakı. Trend:
Gürcüstanın Baş naziri İrakli Kobaxidze noyabrın 3-də Brüsseldə
keçiriləcək Avropa İttifaqının (Aİ) genişlənməsi ilə bağlı sammitdə
iştirak edəcək.
Euronews xəbər verir ki, Kobaxidze sammitin çıxışçılar
siyahısına daxil edilib. Tədbir Brüsseldəki “Autoworld” sərgi
kompleksində keçiriləcək və müzakirələr Euronews auditoriyası üçün
canlı yayımlanacaq.
Sammitdə Aİ-nin genişlənmə perspektivləri, üzvlüyə namizəd
ölkələrdə islahatlar, Avropanın təhlükəsizliyi, iqtisadi əməkdaşlıq
və investisiya imkanları müzakirə olunacaq.
Tədbirdə Avropa Şurasının Prezidenti Antonio Koşta, Ermənistanın
Baş naziri Nikol Paşinyan, Albaniyanın Baş naziri Edi Rama,
Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və Şimali Makedoniyanın
Prezidenti Qordana Silyanovska-Davkova da iştirak edəcəklər.
Xatırladaq ki, Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər
son illərdə gərginləşib. Tərəflər arasında fikir ayrılıqları
Gürcüstanın Avropaya inteqrasiya prosesi və ölkədə həyata keçirilən
siyasi qərarlarla bağlı müzakirələr fonunda davam edir.

