Tarixi abidənin qapısı bərpa edilir

Baş səhifə

Səbaildə yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada araşdırma aparılıb.

BŞİH-dən Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı sosial şəbəkələrdə yayılan məlumatlar öz təsdiqini tapıb və tarixi memarlıq abidəsinə müdaxilə faktı müəyyən edilib.

Məlumata görə, yoxlamanın nəticələrinə əsasən, qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpa edilməsi təmin edilib. Eyni zamanda, sahibkara tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə bu kimi halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.

“Bakı Şəhər İcra Hakimiyyəti bir daha diqqətə çatdırır ki, tarixi abidələrdə hər hansı təmir, yenidənqurma və ya dəyişiklik işləri müvafiq qanunvericiliyin tələblərinə və aidiyyəti qurumların razılığına uyğun həyata keçirilməlidir”, – BŞİH-in məlumatında deyilir.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə edilməsi ilə bağlı məlumat və görüntülər yayılıb. Belə ki, tarixi binanın birinci mərtəbəsində yerləşən giriş qapısının sökülərək müasir şüşə konstruksiya ilə əvəz edildiyi bildirilirib.