Bakı. Trend:
Şimali Koreya (KXDR) hərbçiləri patrul xidməti zamanı qısa
müddətə Koreya Respublikası ilə sərhədi keçiblər və xəbərdarlıq
atəşindən sonra öz ərazilərinə geri qayıdıblar.
Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinə
istinadən məlumat yayıb.
Məlumata əsasən, insident bu həftə Koreya yarımadasının şərq
hissəsində baş verib. Yonhap qeyd edir ki, 2026-cı ildə belə hadisə
ilk dəfə qeydə alınıb.
Qaydalara əsasən, belə hallarda Cənubi Koreya hərbçiləri əvvəlcə
xüsusi avadanlıq vasitəsilə xəbərdarlıq edir, daha sonra isə
xəbərdarlıq atəşi açırlar.
Seulda ehtimal ediblər ki, KXDR hərbçiləri ərazidə patrul
xidməti apararkən sərhəd xəttini keçiblər. Cənubi Koreya Silahlı
Qüvvələri Koreya Xalq Ordusunun hərbçiləri öz ərazilərinə
qayıtdıqdan sonra qeyri-adi fəallıq müşahidə etmədiklərini
bildiriblər.

