
Bakı. Trend:
Rumıniya Avropa İttifaqında dövlət investisiyalarının ən sürətlə
artdığı ölkələrdən biri hesab olunur.
Trend xəbər verir ki, bu
barədə Avropa Mərkəzi Bankı tərəfindən yayımlanan təhlildə qeyd
olunur.
Məlumata görə, son illərdə Rumıniyada dövlət investisiyalarının
həcmi rekord səviyyəyə çatıb və 2025-ci ildə bu göstərici təxminən
ÜDM-in 7,2 faizi səviyyəsində olub. Bu isə Avropa İttifaqı üzrə
orta göstəricidən xeyli yüksəkdir.
Araşdırmada bildirilir ki, dövlət investisiyalarının artımı
əsasən Avropa fondları hesabına maliyyələşdirilən layihələr ilə
bağlıdır. Statistikaya görə, Rumıniyada dövlət investisiyalarının
təxminən 56 faizi Avropa İttifaqı fondları vasitəsilə
maliyyələşdirilir.
Hesabata əsasən, 2019-cu ildən bəri dövlət investisiyalarında ən
böyük artım Rumıniya, Latviya və Yunanıstanda qeydə alınıb.
Ümumilikdə Avropa İttifaqında dövlət investisiyalarının səviyyəsi
2019-cu ildə ÜDM-in 3,1 faizindən 2025-ci ildə təxminən 3,8 faizinə
yüksəlib.
Analitiklərin fikrincə, dövlət investisiyaları uzunmüddətli
iqtisadi inkişaf üçün əsas amillərdən biri hesab olunur. Bu
vəsaitlər əsasən infrastruktur, nəqliyyat və digər strateji
sahələrə yönəldilir.
Eyni zamanda qeyd olunur ki, yüksək investisiya səviyyəsi
Rumıniyanın Qərbi Avropa ölkələri ilə iqtisadi fərqi azaltmaq üçün
mühüm rol oynayır. Bununla yanaşı, ölkədə yüksək büdcə kəsiri
fonunda bu investisiya siyasətinin fiskal baxımdan əlavə təzyiq
yarada biləcəyi də vurğulanır.

