Səhiyyədə yeni maaş modeli: dəyişiklik nələri vəd edir?

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkədə
sosial rifahın yüksəldilməsi, insanların həyat şəraitinin
yaxşılaşdırılması və humanitar sahələrin inkişafına göstərdiyi
diqqət və qayğı müxtəlif istiqamətlərdə həyata keçirilən
layihələrdə özünü göstərir. TƏBİB sistemində çalışan tibb
işçilərinin əməkhaqlarının artırılması da bu siyasətin səhiyyə
sahəsindəki növbəti mühim addımlarından biridir.

Dəyişiklik TƏBİB tabeliyində çalışan 72 mindən çox tibb işçisini
əhatə edəcək. Bunun üçün əməkhaqqı fondunun illik 189 milyon manat
artırılması nəzərdə tutulur. Rəqəm özü kifayət qədər böyükdür.
Lakin məsələyə yalnız büdcədən ayrılacaq vəsait və ayrı-ayrı
vəzifələr üzrə maaş artımı kimi yanaşmaq doğru olmaz. Burada əsas
məqam səhiyyə sistemində kadr siyasətinə yanaşmanın
dəyişməsidir.

Yeni əməkhaqqı mexanizmində artım bütün tibb işçiləri üçün eyni
formada müəyyənləşdirilmir. İxtisas, iş yükü, fəaliyyət
göstəriciləri və region kimi meyarların nəzərə alınması vəsaitin
səhiyyə sisteminin daha çox ehtiyac duyduğu istiqamətlərə
yönəldilməsinə imkan verir.

Bu yanaşmanın ən diqqətçəkən tərəflərindən biri ilkin səhiyyə
ilə bağlıdır. Ailə və sahə həkimlərinin əməkhaqqının 1 150 manatdan
2 000 manata qaldırılması təsadüfi qərar deyil. Çünki səhiyyənin
yükünün böyük hissəsi məhz ilkin mərhələdə düzgün təşkil olunmuş
xidmət hesabına azaldıla bilər.Pasiyentin ilk müraciət etdiyi həkim
onun problemini vaxtında müəyyənləşdirə, zəruri müayinələrə
yönləndirə və ehtiyac yarandıqda ixtisaslaşmış xidmətə yönəldə
bilsə, həm xəstənin vaxtına qənaət olunur, həm də xəstəxanaların
üzərinə düşən yük və yaranan sıxlıqlar azalır. Bu səbəbdən ailə
həkimlərinin əməkhaqqının artırılmasını yalnız maaş dəyişikliyi
kimi deyil, ilkin səhiyyənin gücləndirilməsi istiqamətində atılan
addım kimi qiymətləndirmək olar.




Digər bir istiqamət isə səhiyyədə mövcud olan əsas
problemlərindən biri olan regionlarda həkim çatışmazlığı
məsələsidir. Şəhərlə region arasında kadr təminatındakı fərqin
aradan qaldırılması isə yalnız yeni xəstəxanaların və tibb
müəssisələrinin yaradılması ilə mümkün deyil. Həmin müəssisələrdə
işləyəcək mütəxəssislər də olmalıdır. Bu baxımdan regionlarda
çalışan uşaq anestezioloq-reanimatoloqlarının əməkhaqqının 1 450
manatdan 3 000 manata çatdırılması xüsusi önəm kəsb edir.
Neonatoloq və hemodializ həkimləri üçün daha yüksək ödənişlərin
müəyyənləşdirilməsi də eyni məqsədə xidmət edir. Əlavə maliyyə
motivasiyası regionlarda çalışan mütəxəssislərin burada qalmasına,
eyni zamanda yeni kadrların bölgələrə marağının artmasına şərait
yarada bilər.

Maaş artımının əhatə dairəsi də qərarın miqyasının yalnız
həkimlərlə məhdudlaşmadığını göstərir. TƏBİB tabeliyində çalışan 56
mindən çox orta və kiçik tibb işçisinin, eləcə də baş tibb
bacılarının maliyyə vəziyyətinin yaxşılaşdırılması səhiyyə
xidmətinin bütöv bir komanda işi olduğunu göstərir. Çünki
pasiyentin xəstəxanada aldığı xidmət bir həkimin fəaliyyəti ilə
yekunlaşmır. Tibb bacısı, laborant, feldşer və digər tibb
işçilərinin hər biri müalicə prosesinin ayrı-ayrı mərhələsində
mühüm rol oynayır. Yeni əməkhaqqı yanaşması məhz bu baxımdan diqqət
çəkir.

Səhiyyə sistemində çalışan insanlara verilən dəyərin
artırılması, ehtiyac olan sahələrə maliyyə motivasiyasının
yönəldilməsi və regionlarda tibbi xidmət imkanlarının
genişləndirilməsi bir-birini tamamlayan proseslərdir. Bu baxımdan
atılan addım səhiyyənin insan resurslarının gücləndirilməsi və daha
dayanıqlı sistemin formalaşdırılması istiqamətində mühüm mərhələ
kimi qiymətləndirilə bilər.