
Bakı. Trend:
8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Qızlara ağ
yaraşır” sosial təşəbbüsü çərçivəsində cüdo ilə məşğul olmağa
başlayan gənc qızlar “Azercell”in qonağı oldular. Fəallıqları və
nailiyyətləri ilə fərqlənən yeniyetmə cüdoçular Azercell
əməkdaşları ilə görüşərək cüdoya başlama motivasiyaları, bu idmanın
onların həyatında yaratdığı imkanlar və gələcək hədəfləri barədə
fikirlərini bölüşdülər.
Görüş “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət
departamentinin direktoru Sona Abbasovanın, şirkət nümayəndələrinin
və Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommunikasiya
şöbəsinin rəhbəri Ülkər Abbasovanın iştirakı ilə baş tutdu.
Tədbiri giriş sözü ilə açan Sona Abbasova Azərbaycan Cüdo
Federasiyası ilə tərəfdaşlığın müvəffəqiyyətinin qarşılıqlı hörmət,
dürüstlük və davamlı inkişaf kimi ortaq dəyərlərə əsaslandığını
vurğuladı: “”Qızlara ağ yaraşır” təşəbbüsü də bu əməkdaşlığın mühüm
hissəsidir. Layihənin əsas məqsədi qızların cəmiyyətdə rolunun
gücləndirilməsinə və onların potensiallarını reallaşdırmaları üçün
imkanların yaradılmasına töhfə verməkdir. Bu gün gənc cüdoçu
qızların simasında bu təşəbbüsün real nəticələrini görürük. Onlar
artıq yerli və beynəlxalq yarışlarda iştirak edir, uğurlar qazanır
və digər qızlar üçün ilham mənbəyinə çevrilirlər.”
Qeyd edək ki, “Qızlara ağ yaraşır” layihəsi ictimaiyyət arasında
erkən nikah mövzusuna diqqətin artırılmasını, eyni zamanda qızlar
arasında idmanın təşviqini hədəfləyən sosial təşəbbüsdür. Layihə
indiyədək bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

