
Bakı.Trend:
Ötən il ərzində poçt daşımaları vasitəsilə tərkibində dövriyyəsi
məhdudlaşdırılmış və ya qadağan edilmiş maddələr olan məhsulların
ölkəyə gətirilməsi hallarında ciddi artım müşahidə olunur.
Trend xəbər
verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilir ki, xüsusilə internet üzərindən sifariş edilən
arıqlama çayları və kofeləri, müxtəlif dərman preparatları, eləcə
də qida əlavələri bu baxımdan riskli məhsullar sırasında üstünlük
təşkil edir.
Belə ki, 2023-cü ildə 13 fakt, 2024-cü ildə 9 fakt, 2025-ci ildə
isə 99 fakt üzrə bu məhsulların tərkibində dövriyyəsi
məhdudlaşdırılmış sibutramin, preqabalin, qabapentin və digər güclü
təsir edən maddələrin olması müəyyən edilmişdir.
Qeyd olunmalıdır ki, vətəndaşlar bu məhsulların tərkibi barədə
məlumatlı olmadan müxtəlif onlayn platformalar vasitəsilə onları
əldə edib ölkəyə gətirir. “Şəxsi istifadə” adı altında bəyan edilən
bu məhsullar çox vaxt kommersiya məqsədilə digər istehlakçılara
satılır. Onların həkim təyinatı olmadan əldə edilməsi və istifadəsi
istehlakçıların sağlamlığı üçün təhlükə yaradır.
Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki,
naməlum mənbələrdən, xüsusilə sosial şəbəkələr və xarici internet
platformaları vasitəsilə təqdim olunan “arıqladıcı”, “enerji
artırıcı”, “müalicəvi” adı altında satılan məhsulların
qanunvericiliyin tələblərinə riayət olunmadan sifarişi, əldə
edilməsi və ya düzgün bəyan edilmədən ölkəyə gətirilməsi cinayət
məsuliyyəti də yaradır.

