Bakı.Trend:
Milli Müdafiə Universiteti (MMU) cari ilin dekabr ayının 20-dək
“Ehtiyat zabit hazırlığı kursu”na sənəd qəbulu elan edir.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Ehtiyat zabit hazırlığı kursu”na ali təhsilli,
müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının 35
yaşınadək kişi cinsli vətəndaşları müraciət edə bilərlər.
Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə
yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Müdafiə
Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir və Hərbi Həkim
Komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətinə
yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə
buraxılırlar.
Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki
hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə
alınmaqla kursa qəbul edilirlər.
mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki
“Ehtiyat zabit hazırlığı kursu” hissəsində hərbi uçot
ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı
məlumat əldə etmək mümkündür.
Tələb olunan sənədlər:
– kursa qəbul olunmaq barədə ərizə;
– anket forması;
– tərcümeyi-hal (1 nüsxədə);
– təhsil haqqında sənədin surəti (1 nüsxədə);
– xarici dövlətlərdə təhsil almış namizədlərin ixtisaslarının
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tam
tanınmasına (akademik və peşə) dair sənədin notarial qaydada təsdiq
edilmiş surəti;
– doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə);
– yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə);
– əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti
(diplom, sertifikat, şəhadətnamə və s.);
– şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət
vəsiqəsindən çıxarış (1 nüsxədə);
– sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə);
– nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1
nüsxədə);
– həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1
nüsxədə);
– rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm və 1 ədəd
9×12 sm);
– hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq
olunmuş, 1 nüsxədə);
– psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən
(kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Qeyd:
– müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil
müəssisələrinə qəbul” bölməsindəki “Ehtiyat zabit hazırlığı kursu”
hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq
sənədlərlə tanış ola bilərlər;
– məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi
vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş
olunur.
Əlaqə məlumatları:
Telefon: (012) 404-18-45
Çağrı mərkəzi: *0811
E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13. AZ1065

