Milli Məclisin sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri, 102 saylı Şəmkir şəhər seçki dairəsindən
millət vəkili Sahibə Qafarova videokonfrans formatında seçicilərin
növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən
məlumata görə, görüşdə Milli Məclisin sədri vətəndaşlara ölkəmizdə
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli
inkişaf siyasəti və onun prioritetləri, Azərbaycanın əldə etdiyi
misilsiz nailiyyətlər barədə məlumat verib.

Həmçinin, ölkəmizin iqtisadi inkişafı fonunda vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi, əhalinin yaşayış səviyyəsinin
yüksəldilməsi istiqamətində görülən tədbirlər seçicilərin diqqətinə
çatdırılıb.




Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata
keçirilən nəhəng yenidənqurma və bərpa işləri, “Böyük Qayıdışa dair
Dövlət Proqramı”nın uğurla icra olunması, şəhid ailələrinə və
müharibədə sağlamlığını itirmiş vətəndaşlarımıza yüksək dövlət
qayğısı və dəstəyi, həmçinin digər tədbirlər haqqında da məlumat
verilib.

Videoqəbulda spiker, Şəmkir şəhərindən, həmçinin rayonun Çinarlı
qəsəbəsindən və Təzəkənd kəndindən olan seçicilərin bir sıra
məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Müraciətlərdə əksini
tapan bəzi məsələlər yerli xarakterli olduğundan, baxılması üçün
icra hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib. Digər bir
qisim müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular
göndərilib, vətəndaşlara ətraflı izahat verilib.