
Bakı. Trend:
PSJ-nin futbolçusu Dezire Duenin evinə oğurluq məqsədilə daxil
olmağa cəhd edilib. Hadisə Paris təmsilçisinin “Nitsa” ilə
qarşılaşdığı vaxt baş verib.
Fransa Liqa 1-in 11-ci turu çərçivəsində keçirilən görüşdə PSJ
səfərdə rəqibini 3:2 hesabı ilə məğlub edib. Matçın ilk hissəsinin
sonlarında zədələnən Duenin daha sonra dizinin ön çarpaz bağının
zədələndiyi müəyyənləşib.
“Le Parisien” nəşrinin yaydığı məlumata əsasən, futbolçu gecə
saatlarında oyundan evə qayıdarkən yaşadığı ərazinin polis
əməkdaşları tərəfindən mühasirəyə alındığını görüb.
Bildirilir ki, bir neçə naməlum şəxs Duenin malikanəsinin
həyətinə daxil olub. Lakin evdə insanların olduğunu anlayan həmin
şəxslər ərazidən uzaqlaşıblar.
Hadisə yerində aparılan yoxlamalar zamanı evə zorla daxilolma
izlərinə rast gəlinməyib.

