
Bakı. Trend:
Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev
Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın IX iclası çərçivəsində ikitərəfli
görüşlər keçirib.
Trend bu barədə
Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Oktyabrın 23-də Serbiya Respublikası Baş nazirinin müavini,
iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə keçirilən görüşdə
iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi və
qarşılıqlı ticarət əlaqələrinin dərinləşdirilməsi məsələləri
müzakirə olunub.
S. Babayev görüş zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın
gələcək inkişaf perspektivlərinə toxunaraq, xüsusilə ticarət,
xidmət, kənd təsərrüfatı, nəqliyyat və turizm kimi sahələrdə
Azərbaycan və Serbiya şirkətlərinin qarşılıqlı layihələrdə fəal
iştirak imkanlarını diqqətə çatdırıb.
Öz növbəsində, Adriyana Mesaroviç Azərbaycan və Serbiya arasında
iqtisadi əməkdaşlığın genişləndirilməsinin, həmçinin iki ölkənin
biznes və ticarət imkanlarının daha da inkişaf etdirilməsinin və
birbaşa aviareyslərin həyata keçirilməsinin vacibliyini
vurğulayıb.
Bundan başqa, S.Babayev Serbiya Respublikası Baş nazirinin
birinci müavini, maliyyə naziri Sinişa Mali ilə də görüşüb. Görüşdə
iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti,
Azərbaycan və Serbiya şirkətlərinin birgə layihələrdə iştirakı
sahəsində potensial əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Eyni zamanda, iki ölkənin maliyyə nazirlikləri arasında
əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən təcrübə mübadiləsinin
aparılması imkanları müzakirə edilib və bu məqsədlə Anlaşma
Memorandumunun imzalanması istiqamətində müvafiq tədbirlərin
görülməsi barədə razılıq əldə edilib.

