
Bakı. Trend:
Bu ilin yanvar–sentyabr aylarında maliyyə bazarlarında bağlanan
əqdlərin ümumi həcmi 10,424 milyard manat və 360,31 milyon ABŞ
dolları təşkil edib.
Trend bu
barədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir.
Belə ki, hesabat dövründə manat ifadəsi ilə bağlanmış əqdlərin
10,122 milyard manatı (97,1%) birja, 301,47 milyon manatı (2,9%)
birjadankənar bazarda həyata keçirilib.
2024-cü ilin eyni dövründə manat ifadəsilə birja əqdlərinin payı
6,505 milyard manat (87,9%), birjadankənar əqdlərin payı isə 897,7
milyon manat (12,1%) olub. Beləliklə, birja əqdlərinin payı 9,2
faiz bəndi artıb, birjadankənar əqdlərin payı isə 9,2 faiz bəndi
azalıb.
Dollar ifadəsində isə bağlanmış əqdlərin 326,22 milyon ABŞ
dolları (90,5%) birja əqdlərinin, 34,09 milyon ABŞ dolları (9,5%)
isə birjadankənar əqdlərin payına düşüb.
2024-cü ilin eyni dövründə dollar ifadəsilə birja əqdlərinin
payı 286,27 milyon dollar (71,4%), birjadankənar əqdlərin payı isə
114,69 milyon manat (28,6%) olub.
Beləliklə, dollar ifadəsilə birja əqdlərinin payı 19,1 faiz
bəndi artıb, birjadankənar əqdlərin payı isə 19,1 faiz bəndi
azalıb.
Qeyd edək ki, birja əqdi qiymətli kağızların (məsələn, səhmlər,
istiqrazlar), valyutanın və ya digər maliyyə alətlərinin rəsmi
birjada, yəni nəzarət olunan ticarət platformasında alınması və ya
satılmasıdır.

