Bakı. Trend:
Azərbaycanda inflyasiyanın baza proqnozundan kənarlaşmasının
qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə və icmal büdcə balansına
təsirinin ortamüddətli dövrdə məhdud olacağı gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı
Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənəddə qeyd olunur ki, qlobal mühitdə yüksək qeyri-müəyyənliyin
davam etməsi, əsas ticarət tərəfdaşlarında qiymət dinamikası və
qlobal əmtəə bazarlarında müşahidə olunan dəyişkənlik inflyasiya
üzrə əsas xarici risk amilləridir.
Xüsusilə Yaxın Şərqdə geosiyasi gərginliyin davam etməsinin
enerji və digər əmtəə qiymətlərində əlavə dəyişkənlik yarada
biləcəyi vurğulanır. Bununla yanaşı, nominal effektiv məzənnənin
zəifləməsinin idxal inflyasiyasının daxili qiymətlərə ötürülməsini
sürətləndirə biləcəyi qeyd edilir.
Daxili amillər baxımından isə mövcud fiskal və monetar siyasət
çərçivəsində məcmu tələbin inflyasiya təzyiqlərini əhəmiyyətli
dərəcədə artıracaq səviyyəyə yüksəlməsi ehtimalı aşağı
qiymətləndirilir.
Sənədə əsasən, inflyasiya risklərinin fiskal təsiri
qiymətləndirilərkən qiymət səviyyəsindəki dəyişikliklərin nominal
ÜDM-ə, büdcə gəlirlərinə və fiskal göstəricilərin ÜDM-ə nisbətinə
mümkün təsirləri nəzərə alınıb.
İnflyasiya riskləri baza ssenarisindən həm müsbət, həm də mənfi
istiqamətdə 0,4, 0,8, 1,1 və 1,5 faiz bəndi kənarlaşmalar əsasında
qiymətləndirilib.
Hesablamalar göstərir ki, 2027–2030-cu illərdə inflyasiyanın
qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinə və icmal büdcə
balansına təsiri mövcud ssenarilər çərçivəsində məhdud olacaq.
Belə ki, 2027-ci ildə baza ssenarisi ilə müqayisədə müxtəlif
inflyasiya ssenarilərində qeyri-neft baza kəsirinin qeyri-neft
ÜDM-ə nisbətinin 0,1–0,4 faiz bəndi intervalında dəyişməsi
gözlənilir.
İnflyasiyanın icmal büdcə balansına təsiri isə daha məhdud
qiymətləndirilir. Müxtəlif inflyasiya ssenarilərində 2027-ci ildə
icmal büdcə balansının baza ssenarisi ilə müqayisədə 0,1–0,3 faiz
bəndi intervalında dəyişəcəyi proqnozlaşdırılır.
Qrafiklərə əsasən, qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə
nisbəti 2022-ci ildə təxminən -22,5 faiz olduğu halda, 2027-ci ildə
-17,5 faiz ətrafında formalaşır. 2028-ci ildən etibarən
göstəricinin yaxşılaşaraq 2030-cu ildə təxminən -10–11 faiz
səviyyəsinə yaxınlaşacağı görünür.
İcmal büdcə balansının ÜDM-ə nisbəti isə 2022-ci ildə təxminən 6
faiz, 2023-cü ildə 8 faiz təşkil edib. 2026–2027-ci illərdə
göstəricinin mənfi zonada qalacağı, 2028-ci ildən isə tədricən
yaxşılaşacağı proqnozlaşdırılır.
Maliyyə Nazirliyi inflyasiya şəraitində fiskal risklərin idarə
edilməsini makroiqtisadi sabitliyin qorunması baxımından mühüm
hesab edir. Sənəddə çevik büdcə siyasətinin tətbiqi və sosial
müdafiə proqramlarının hədəfli şəkildə həyata keçirilməsinin
gözlənilməz qiymət artımlarının mənfi təsirlərini minimuma
endirməyə imkan verəcəyi bildirilir.

