Bakı. Trend:
Azərbaycanın 2027-ci il dövlət büdcəsindən müdafiə və milli
təhlükəsizlik xərclərinə 8 milyard 816,4 milyon manat vəsait
ayrılması proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin yaxın dörd ili əhatə edən
Ortamüddətli Xərclər Çərçivəsində bildirilib.
Sənədə əsasən, 2027-ci ildə dövlət borcuna xidmətlə bağlı
xərclər 2,2 milyard manat təşkil edəcək. Bu məbləğin 1 milyard
427,5 milyon manatı xarici dövlət borcuna xidmətə, o cümlədən 1
milyard 63,5 milyon manatı əsas borcun ödənilməsinə, 364 milyon
manatı isə faiz xərclərinə yönəldiləcək.
Daxili dövlət borcuna xidmət üçün 137,2 milyon manat əsas borc
ödənişi və 635,3 milyon manat faiz xərci nəzərdə tutulur.
Beləliklə, 2027-ci ildə dövlət borcu üzrə ümumi faiz xərclərinin
999,3 milyon manat olacağı proqnozlaşdırılır.
Funksional təsnifata əsasən, 2027-ci il dövlət büdcəsinin
xərclərinin əsas istiqamətləri aşağıdakı kimi müəyyən edilib:
– Müdafiə və milli təhlükəsizlik – 8 milyard 816,4 milyon manat
(20,8 faiz);
– İqtisadi fəaliyyət – 8 milyard 907,3 milyon manat (21 faiz);
– Ümumi dövlət xidmətləri – 5 milyard 521,8 milyon manat (13
faiz);
– Təhsil – 5 milyard 99 milyon manat (12 faiz);
– Sosial müdafiə və sosial təminat – 4 milyard 914 milyon manat
(11,6 faiz);
– Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq – 3 milyard
438,6 milyon manat (8,1 faiz);
– Səhiyyə – 2 milyard 84,1 milyon manat (4,9 faiz);
– Kənd təsərrüfatı – 1 milyard 379,5 milyon manat (3,3 faiz);
– Əsas bölmələrə aid edilməyən xidmətlər – 822,5 milyon manat (2
faiz);
– Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər
siyasəti – 643 milyon manat (1,5 faiz);
– Ətraf mühitin mühafizəsi – 438,6 milyon manat (1 faiz);
– Mənzil və kommunal təsərrüfatı – 335,2 milyon manat (0,8
faiz).
Sənəddə qeyd olunur ki, 2027-ci illə müqayisədə ortamüddətli
dövrün sonunda dövlət büdcəsi xərclərində ümumi dövlət
xidmətlərinin payının 0,6 faiz bəndi, səhiyyənin payının 0,5 faiz
bəndi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq
xərclərinin payının 0,3 faiz bəndi artacağı gözlənilir.
Həmçinin sosial müdafiə və sosial təminat, eləcə də kənd
təsərrüfatı xərclərinin dövlət büdcəsindəki xüsusi çəkisinin hər
birinin 0,1 faiz bənd artacağı proqnozlaşdırılır.
Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, yenilənmiş
makroiqtisadi proqnozlar əsasında qeyri-neft-qaz gəlirlərinin
artması və büdcə qaydasının nəzərdə tutulan trayektoriyası üzrə
genişlənən ortamüddətli resurs zərfi ölkənin müdafiə və milli
təhlükəsizlik qabiliyyətinin gücləndirilməsinə, sosial-iqtisadi
inkişaf strategiyasının və Böyük Qayıdışa dair Dövlət Proqramının
icrasına, eləcə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının və digər
dövlət proqramlarının maliyyələşdirilməsinə imkan verəcək.
Bununla yanaşı, büdcə resurslarının dövlət borcuna xidmət üzrə
öhdəliklərin yerinə yetirilməsinə yönəldilməsi də nəzərdə
tutulur.

