
Bakı.Trend:
Beynəlxalq Şəhərsalma Mütəxəssislərin Forumu (IUPF) urbanistika
məsələlərinin müzakirəsi üçün gənc mütəxəssislərə və yerli icmalara
fokuslanan daha inklüziv və qlobal platforma formalaşdırmağı
hədəfləyir.
Trend xəbər verir
ki, bunu IUPF İdarə Heyətinin üzvü Əli Əl-Rauf Ümumdünya Şəhərsalma
Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən “Şəhər
inkişafı sahəsində yerli icmalar və qlobal təcrübənin
əlaqələndirilməsi” mövzusunda panel müzakirəsində deyib.
“Bu, gələcəkdə qərarlar qəbul edəcək insanlar üçün forumdur.
Gənc mütəxəssislər və gənc şəhərsalma mütəxəssisləri bu
platformanın ən vacib hissəsidir”, – deyə o bildirib.
Əl-Raufun sözlərinə görə, IUPF qarşılıqlı fəaliyyətin ənənəvi
iyerarxik modelindən uzaqlaşaraq, bərabərhüquqlu dialoq və
icmaların iştirakı prinsiplərinə əsaslanan platforma yaratmağa can
atır.
“Biz klassik şaquli sistemdən iştirakçıların rəyinin institutun
dayanıqlılığı və inkişafı üçün əsas amilə çevrildiyi “grassroots”
yanaşmasına keçmək istəyirik”, – deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilib.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” şüarı ilə keçirilən
forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın
gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları,
ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya
gətirir.

