
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Tiranada
fəaliyyət göstərən “Hannah və Rosafa” uşaq evini ziyarət edib.
Trend xəbər
verir ki, uşaq evi valideyn himayəsindən məhrum olan və ya sosial
təhlükə mühitində yaşayan azyaşlılar üçün nəzərdə tutulmuş dövlət
müəssisəsidir.
Qeyd olunub ki, qurumun fəaliyyəti xüsusilə 0-6 yaşarası
uşaqların mühafizəsi, tərbiyəsi və onlara hərtərəfli qayğının
göstərilməsi istiqamətinə yönəlib.
Bildirilib ki, müəssisədə uşaqlar erkən inkişaf dövründə ehtiyac
duyduqları psixoloji dəstək, tibbi xidmət və mənəvi qayğı ilə əhatə
olunur.
Sonra Leyla Əliyeva “Mother Teresa” Universitet Xəstəxana
Mərkəzi ilə tanış olub.
Diqqətə çatdırılıb ki, Mərkəz bütün Albaniyada, o cümlədən
Tiranada əsas dövlət universitet xəstəxanasıdır. Burada xəstələrə
ixtisaslı kadrlar tərəfindən ən qabaqcıl texnologiyalardan istifadə
olunmaqla yüksəksəviyyəli tibbi xidmətlər göstərilir.
Qeyd olunub ki, ölkənin əsas onkoloji xidməti burada cəmlənərək,
xəstələrə şüa, kimyaterapiya və mürəkkəb cərrahi müalicə imkanları
təqdim edilir.
Mərkəzdə hər bir uşağın sağlamlığına həssaslıqla yanaşılır,
onların müalicə prosesi şəfqətli yanaşma və rəngarəng mühitlə
dəstəklənir.

