Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfəyə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici
ölkələrlə ümumi dəyəri 37,210 milyard ABŞ dolları olan ticarət
əməliyyatları həyata keçirib.

Trend-in Dövlət
Gömrük Komitəsinin məlumatları əsasında hesablamasına görə,
Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə
müqayisədə 1,836 milyard ABŞ dolları və ya 5,2 faiz artıb.

Xarici ticarət dövriyyəsinin 23,865 milyard ABŞ dolları ixracın,
13,346 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son
bir ildə ixrac 5,259 milyard dollar və ya 28,3 faiz artıb, idxal
isə 3,423 milyard dollar və yaxud 20,4 faiz azalıb.

Nəticədə Azərbaycanın xarici ticarət balansında 10,519 milyard
ABŞ dolları həcmində müsbət saldo formalaşıb. Bu göstərici illik
müqayisədə 8 milyard 379 milyon dollar və ya 5,7 dəfə artıb.

İdxal əməliyyatları

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan
malların çeşidlərinin sayı 7 325 olub. İdxal əməliyyatlarının ümumi
dəyəri 13,346 milyard ABŞ dolları təşkil edib.

İdxalın sektorlar üzrə bölgüsünə əsasən, özəl sektorun payına
10,847 milyard ABŞ dolları və ya ümumi idxalın 81,28 faizi düşüb.
Dövlət sektorunun idxalı 1 milyard 343,9 milyon ABŞ dolları olub
ki, bu da ümumi məbləğin 10,07 faizinə bərabərdir. Fiziki şəxslər
üzrə idxalın dəyəri isə 1,155 milyard ABŞ dolları və ya 8,65 faiz
təşkil edib.

Ölkə qrupları üzrə bölgüdə MDB ölkələrinin payı 2,666 milyard
ABŞ dolları və ya 19,98 faiz, Avropa İttifaqı ölkələrinin payı
2,165 milyard ABŞ dolları və ya 16,22 faiz olub. Digər ölkələrdən
idxalın dəyəri 8,515 milyard ABŞ dollarına çatıb. Bu, ümumi idxalın
63,8 faizini təşkil edib.




Hesabat dövründə humanitar yük, təmənnasız kömək, texniki yardım
və hədiyyə formasında idxalın dəyəri 41,9 milyon ABŞ dolları,
yüksək texnologiyalar məhsullarının idxalı isə 1,630 milyard ABŞ
dolları olub.

İxrac əməliyyatları

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac
olunan malların çeşidlərinin sayı 2 566 olub. İxrac
əməliyyatlarının ümumi dəyəri 23,865 milyard ABŞ dolları təşkil
edib.

Sektorlar üzrə bölgüdə dövlət sektorunun ixracı 12,864 milyard
ABŞ dolları olub. Bu, ümumi ixracın 53,9 faizinə bərabərdir. Özəl
sektorun ixracı 10,931 milyard ABŞ dolları və ya 45,81 faiz təşkil
edib. Fiziki şəxslərin ixrac əməliyyatlarının dəyəri isə 69,5
milyon ABŞ dolları olub.

Ölkə qrupları üzrə ixracda Avropa İttifaqı ölkələri 12,957
milyard ABŞ dolları ilə əsas istiqamət kimi çıxış edib. Bu
ölkələrin ümumi ixracda payı 54,29 faiz təşkil edib. Digər ölkələrə
ixracın dəyəri 9,397 milyard ABŞ dolları və ya 39,38 faiz, MDB
ölkələrinə ixracın dəyəri isə 1,511 milyard ABŞ dolları və ya 6,33
faiz olub.

Qeyri-neft sektorunda (2709-2715 mal mövqeləri istisna olmaqla)
ixracın həcmi 6,652 milyard ABŞ dolları təşkil edib. Bu göstərici
ümumi ixracın 27,87 faizinə bərabər olub. Yüksək texnologiyalar
məhsullarının ixracı 74,2 milyon ABŞ dolları, humanitar yük,
təmənnasız kömək, texniki yardım və hədiyyə formasında ixrac isə 2
milyon ABŞ dollarına yaxın olub.

Beləliklə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanın xarici
ticarət dövriyyəsinin artımı əsasən ixracın yüksəlməsi fonunda baş
verib. İdxalın azalması ilə yanaşı ixracın artması ölkənin xarici
ticarət balansında müsbət saldonun əhəmiyyətli dərəcədə
genişlənməsinə şərait yaradıb.