
Bakı. Trend:
Yeni qaydalara əsasən, müəyyən kateqoriyadan olan vətəndaşların
əmək pensiyalarına aylıq sabit əlavələr hesablanacaq.
Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat xatırladıb ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən
dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub.
Dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti tərəfindən
təsdiq edildikdən sonra qüvvəyə minəcək, onların qüvvədə olma
tarixi isə cari ayın ilk günündən hesablanacaq.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, müəyyən
kateqoriyadan olan vətəndaşların əmək pensiyalarına aylıq sabit
əlavələr hesablanacaq. Belə ki, həmin şəxslərin sosial yığımları
əsasında müəyyənləşdirilən pensiya məbləğinə sabit məbləğlər əlavə
olunacaq və nəticədə onların aylıq pensiyaları artacaq.
Deputat qeyd edib ki, hazırda bu kateqoriyadan olan şəxslərin
pensiya məbləği pensiyaya çıxarkən fərdi hesablarında toplanan
pensiya kapitalına deyil, əməkhaqqının məbləğinə uyğun
müəyyənləşdirilir. Yeni dəyişikliklər isə sığorta mexanizmini
gücləndirir. Dəyişikliklər qüvvəyə mindikdən sonra həmin şəxslərin
pensiyaları fərdi şəxsi hesablarında toplanan vəsait əsasında
hesablanacaq və müəyyən edilmiş məbləğə sabit əlavələr
ediləcək.
V.Bayramovun sözlərinə görə, söhbət dövlət qulluqçularından,
Müdafiə Nazirliyinin hərbi qulluqçularından və digər bir sıra
kateqoriyalara aid şəxslərdən gedir.
Deputat yeni mexanizmi nümunə ilə izah edərək bildirib ki, bu
kateqoriyaya aid vətəndaşın pensiya kapitalı 100 min
manat olduqda, həmin vəsaitin 85 faizi,
yəni 85 min manat fərdi hesabda cəmləşəcək. Yığım
əsaslı pensiya məbləğini müəyyənləşdirmək üçün bu məbləğ
144-ə bölünəcək.
Beləliklə, 85 min manatın 144-ə bölünməsi
nəticəsində aylıq pensiyanın yığım əsaslı hissəsi təxminən
590,2 manat təşkil edəcək. Vətəndaş xüsusi
kateqoriyaya aid olduğu üçün bu məbləğin üzərinə sabit əlavə
hesablanacaq.
“Deməli, həmin vətəndaşımızın yığım əsaslı pensiya məbləği
590,2 manat olacaq. Vətəndaşımız qeyd edilən
xüsusi kateqoriyaya daxil olduğu üçün onun yığım əsaslı pensiya
məbləğinə sabit vəsait əlavə olunacaq”, – deputat bildirib.
O, yeni qaydalarla pensiyanın və pensiya əlavəsinin proaktiv
qaydada təyin ediləcəyini də vurğulayıb. Bu o deməkdir ki, həmin
kateqoriyadan olan vətəndaşların pensiya və əlavələrinin təyin
edilməsi üçün hər hansı dövlət qurumuna müraciət etməsinə ehtiyac
qalmayacaq. Pensiya məbləği elektron qaydada müəyyənləşdiriləcək və
təyin ediləcək.
V.Bayramov qeyd edib ki, təyin ediləcək aylıq pensiya əlavəsinin
məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum
tərəfindən müəyyənləşdiriləcək. Qanuna edilən dəyişikliklər
təsdiqlənərkən imzalanacaq fərmanla aylıq pensiya əlavəsinin
məbləğini müəyyən edəcək qurum da bəlli olacaq.

