
Bakı. Trend:
Çərşənbə axşamı axşam saatlarında Əlcəzair parlamenti tarixində
ilk dəfə spiker vəzifəsinə qadın seçib. Bu vəzifəyə Xalidə Bufedeş
seçilib və bununla da o, ölkədə dördüncü ali dövlət vəzifəsini
tutan şəxs olub.
Xalida Bufedeş allergoloq-həkim və Əlcəzairdən seçilmiş
deputatdır. O, ölkənin müstəqilliyi uğrunda mübarizədə mühüm rol
oynamış və hakimiyyətə yaxın hesab edilən tarixi Milli Qurtuluş
Cəbhəsini (FLN) təmsil edir.
Son parlament seçkilərində FLN Milli Xalq Assambleyasındakı 407
yerdən 91-ni qazanaraq birinci olub. Seçkilərdə iştirak səviyyəsi
cəmi 21,24% təşkil edib ki, bu da ölkə tarixində qeydə alınmış ən
aşağı göstəricidir.
Milli Xalq Assambleyasının (parlamentin aşağı palatası) sədri
vəzifəsi uğrunda üç namizəd mübarizə aparıb.
Xalida Bufedeş FLN-in Mərkəzi Komitəsinin üzvüdür. O, parlament
deputatı seçilməzdən əvvəl Bordj əl-Bahri bələdiyyə şurasının, daha
sonra isə Əlcəzair vilayət məclisinin üzvü olub.
Bufedeş parlamentə cəmi 25 qadının seçildiyi bir dövrdə
parlament sədri vəzifəsinə gəlib. Bu, deputat yerlərinin cəmi
6,14%-ni təşkil edir.
Qadınlar ölkə əhalisinin təxminən 49%-ni təşkil etsələr də,
parlamentin hazırkı çağırışında onların təmsilçiliyi xeyli
aşağıdır. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə seçilmiş əvvəlki
parlamentdə 38, 2017-ci ildə isə 118 qadın deputat var idi. Həmin
seçkilər gender kvotası sistemi əsasında keçirilmişdi.

