İsveçin Malmö şəhərində yaşayan Milli Qəhrəman Şahin Tağıyev qocalar evində vəfat etməyib.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şahin Tağıyevin yaxını, onun döyüş yoldaşı Ələsgər Rüstəmov deyib.
O bildirib ki, Şahin Tağıyev İsveçdə reabilitasiya mərkəzində müalicə alıb:
“Şahinlə ailəvi dost olmuşuq. Dövlətimizə təşəkkür edirəm ki, Şahini belə qarşıladılar. Dövlətimiz xəbər tutandan sonra onun xərclərinin hamısını qarşıladı. Sosial şəbəkədə və bəzi medialarda yazırlar ki, o qocalar evində vəfat edib. Bu düzgün deyil, o reabilitasiya mərkəzində olub. Şahinin oğlu, qızı onun bütün xərclərini qarşılayırdı. Həmin reabilitasiya mərkəzinə bir gün pul ödəməsəl onu 1 saatda saxlamazdılar”.
Qeyd edək ki, Şahin Tağıyev Azərbaycanın ilk dörd Milli Qəhrəmanından biridir. O, 1992-ci il Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Ş.Tağıyevə 23 iyun 1992-ci il tarixində göstərdiyi qəhrəmanlığa görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. “Qurtuluş” batalyonun komandiri olmuş Ş. Tağıyev 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanmış, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

