Baş katib: AQEM-in bu ay Bakıda keçiriləcək Sammitinə çoxsaylı liderlərin qatılacağını gözləyirik

Baş səhifə

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) növbəti Sammiti bu il oktyabrın 15-də Bakıda keçiriləcək.

Bunu APA-ya açıqlamasında AQEM-in Baş katibi Kayrat Sarıbay deyib.

Onun sözlərinə görə, AQEM 28 dövlətin təmsil olunduğu platformadır və buna görə də Bakıda keçiriləcək sammitdə mümkün qədər çox ölkə liderinin iştirak edəcəyini gözləyirlər: “Əlbəttə, hər kəsin gəlməsi mümkün olmaya bilər, çünki müxtəlif səbəblər və hallar yarana bilər. Amma əminəm ki, çox sayda lideri görəcəyik”.

AQEM-in Baş katibi Mərkəzi Asiya ölkələrinin liderlərinin sammitdə iştirak edəcəyini gözlədiyini vurğulayıb: “Təbii ki, bütün Mərkəzi Asiya ölkələrinin liderlərini gözləyirəm. Digər Asiya regionlarından da yüksək səviyyəli nümayəndələrin iştirak edəcəyinə dair çoxlu müsbət məlumatlarımız var”.

Kayrat Sarıbay sammitin AQEM tarixində növbəti mühüm tədbir olacağını bildirib.

“Düşünürəm və əminəm ki, Bakı sammiti AQEM tarixində növbəti uğurlu mərhələ olacaq”, – Baş katib vurğulayıb.

O, Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində sammitə hazırlıq işlərinin diqqətlə aparıldığını deyib: “Azərbaycan yekun sənədləri çox diqqətlə hazırlayır. Biz mühüm siyasi deklarasiyanın, eləcə də mühüm tematik sənədin qəbul olunacağını gözləyirik. Həmçinin, bir sıra mühüm institusional qərarların qəbul edilməsi nəzərdə tutulur”.

Baş katibin fikrincə, həmin qərarlar AQEM-ə sədrliyə və təşkilat çərçivəsində rəhbərliyə, eləcə də təşkilatın genişləndirilməsinə aid olacaq: “Biz eyni zamanda, AQEM-in yeni üzvlərin qəbul edilməsi hesabına genişləndirilməsi ilə bağlı çox mühüm qərar gözləyə bilərik”.

Kayrat Sarıbay AQEM-in institusional inkişafı məsələsinə də toxunub. O bildirib ki, təşkilatın Katibliyi 20 ildir fəaliyyət göstərir və müvafiq dövlət və hökumət qurumları ilə müntəzəm əlaqələr həyata keçirilir: “Düşünürəm ki, artıq kifayət qədər formalaşmış və yaxşı fəaliyyət göstərən təşkilatımız var. Lakin çatışmayan əsas məsələ hüquqi əsasların rəsmiləşdirilməsidir. Bunun nizamnamənin qəbul edilməsi yolu ilə həyata keçiriləcəyini gözləyirik”.

AQEM-in Baş katibi əlavə edib ki, təşkilatın nizamnaməsi üzərində iş intensiv şəkildə davam edir: “Bu, asan məsələ deyil. Çünki 28 üzv dövlətin müxtəlif tarixi, iqtisadi və mədəni keçmişi var. Buna görə də iş davam edir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, sənədin əsas parametrləri artıq müzakirə prosesindədir və ümumi anlaşma mövcuddur”.