
Bakı. Trend:
“Azəriqaz”da xidmət və iş proseslərinin
rəqəmsallaşdırılması abonentlərə bir sıra əməliyyatları kağız
sənədlər olmadan və xidmət mərkəzlərinə getmədən həyata keçirməyə
imkan verəcək.
Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya
çərçivəsində daha bir xidmət sahəsində proseslərin
elektronlaşdırılması istiqamətində mühüm addım atılıb. SİMA
rəqəmsal imzanın “Azəriqaz” İB-nin xidmət və iş proseslərinə
inteqrasiyası ilə abonent müqavilələrinin rəqəmsal şəkildə
imzalanması imkanı yaradılıb.
Vətəndaşlar “mygov” platforması üzərindən qaz təchizatı ilə
bağlı müqavilələrini SİMA ilə imzalayaraq xidmət mərkəzinə getmədən
də müraciətlərini rəsmiləşdirə bilirlər. Eyni imkan “ASAN xidmət”
və “ASAN Kommunal” mərkəzlərində də tətbiq olunur. Burada əhali və
qeyri-əhali abonentləri ilə qaz alqı-satqı müqavilələri elektron
formada rəsmiləşdirilərək SİMA ilə imzalanır.
Yeni həll sənədləşmə prosesini sadələşdirir, rəsmiləşdirməyə
sərf olunan vaxtı azaldır və abonentlərin xidmətlərdən daha rahat
istifadəsinə imkan yaradır. Eyni zamanda, fiziki sənəd
dövriyyəsinin azalması “Azəriqaz”ın daxili əməliyyatlarının daha
çevik idarə olunmasına, proseslərə nəzarətin gücləndirilməsinə və
sənədlərin elektron şəkildə idarə olunmasına şərait yaradır.
“Azəriqaz” və “AzInTelecom” arasında əməkdaşlığın növbəti
mərhələsində rəqəmsal həllərin digər xidmət və iş proseslərində
tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Tətbiq olunan yenilik ölkədə dövlət xidmətlərinin rəqəmsal
transformasiyası istiqamətində həyata keçirilən tədbirlərin
davamıdır. Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci
il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
Rəqəmsal İnkişaf Konsepsiyası” dövlət xidmətlərinin
modernləşdirilməsini və rəqəmsal platformaya transformasiyasını
əsas istiqamətlərdən biri kimi müəyyən edir.
SİMA rəqəmsal imzanın müxtəlif xidmət sahələrinə
inteqrasiyası vətəndaşların gündəlik əməliyyatlarını
sadələşdirməklə yanaşı, xidmətlərin rəqəmsal mühitə keçirilməsini
sürətləndirir. “AzInTelecom” SİMA-nın tətbiq sahələrini
genişləndirərək istifadəçilər üçün daha rahat və əlçatan rəqəmsal
xidmət təcrübəsinin formalaşdırılmasını davam
etdirəcək.
“SİMA İmza” haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan
“AzInTelecom” MMC tərəfindən yaradılıb. “SİMA İmza” istifadəçilərə
müxtəlif dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli şəkildə
yararlanmağa imkan verən rəqəmsal imza həllidir. Rəqəmsal imzanı
xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq
vasitəsilə əldə etmək mümkündür.

