Azərbaycanda yeni mədənlərin işə salınması minlərlə vətəndaşın daimi işlə təmin olunmasına imkan yaradacaq – “AzerGold”

Baş səhifə

Bakı. Trend:

“AzerGold” QSC-nin fəaliyyəti nəticəsində məşğulluğa cəlb
edilmiş 2554 nəfərin 80%-dən çoxu məhz regionları, daha dəqiq
desək, Gəncə-Daşkəsən iqtisadi rayonunu, xüsusilə də ucqar kəndləri
təmsil edir. Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Kiçik Qafqaz
regonunu əhatə edən digər bölgələrdə yeni mədənlərin işə salınması
da eyni qaydada böyük əksəriyyəti regionları təmsil edən minlərlə
vətəndaşın daimi işlə təmin olunmasına imkan yaradacaq.

Bunu Trend-in
sorğusuna cavab olaraq “AzerGold”-dan bildiriblər.

“Qarabağ və Şərqi Zəngəzurda yeni yataqların işlənməsi dövlət
başçısı, cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən “Böyük Qayıdışa dair I Dövlət
Proqramı”nın icrası çərçivəsində regionun sosial-iqtisadi
dirçəlişinə, əhalinin dayanıqlı məskunlaşmasının və davamlı
iqtisadi inkişafının təmin olunması istiqamətində qarşıya qoyulan
hədəflərə xidmət edəcək. Dövlət Proqramında müəyyən edilmiş
prioritet istiqamətlər nəzərə alınmaqla həyata keçiriləcək
fəaliyyət sahələri regionda minlərlə yeni iş yerlərinin yaradılması
ilə yanaşı, mədənçilik, geologiya və metallurgiya sahələri üzrə
yerli kadr potensialının formalaşdırılmasına, eləcə də kiçik
sahibkarlıq, logistika və əlaqəli digər sahələrin inkişafına mühüm
töhfə verəcək”, – deyə şirkətdən bildiriblər.




Vurğulanıb ki, yeni mədənlərin işə salınmasının müsbət sosial
təsiri, əlavə olaraq korporativ sosial məsuliyyət çərçivəsində icra
ediləcək layihələrlə də təmin olunacaq: “Bölgədə təhsil, səhiyyə və
idmanın inkişafına dəstək veriləcək, yerli icmaların rifahı
yüksələcək, həmçinin sosial-iqtisadi imkanlar genişləndirilərək,
dayanıqlı inkişafa davamlı töhfələr veriləcək.

Yeri gəlmişkən, “AzerGold” QSC aktiv hasilat və istehsalat
işləri apardığı Daşkəsən və Göygöl rayonlarında, fəaliyyətinin ilk
illərindən etibarən dayanıqlı və inklüziv inkişaf, idman və
sağlamlıq, ətraf mühitin mühafizəsi, aqrar inkişaf, təhsil,
maarifləndirmə, sahibkarlıq fəaliyyətinə dəstək, tarixi-mədəni
irsin qorunması istiqamətləri üzrə çoxsaylı sosial layihələr həyata
keçirir. Yerli icmaların rifahının yüksəldilməsi və bu sahədə
həyata keçirilən dövlət proqramlarına dəstək məqsədi ilə icra
edilən bu layihələrdən yüzlərlə icma üzvü faydalanır. Səhmdar
Cəmiyyətinin xüsusilə ucqar kənd və qəsəbələrin sosial-iqtisadi
inkişafı sahəsindəki təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilir. “Milli Korporativ Sosial Məsuliyyət”
mükafatına layiq görülən ilk dövlət şirkəti olan “AzerGold”
bugünədək müxtəlif nominasiyalar üzrə təltif edilib.”