Azərbaycanda orta illik inflyasiya 5,7% olub

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlak qiymətləri
indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatına
bildirilib.

Xatırladaq ki, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə
istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 5,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün
məmulatları üzrə 6,7 faiz, qeyri-qida malları üzrə 3,8 faiz,
əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) isə inflyasiya proqnozunun yuxarı
istiqamətdə yenidən nəzərdən keçirilməsini əsasən xarici mənşəli
amillərlə əlaqələndirib.

AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair
iyulun 31-də keçirilən mətbuat konfransında bildirib ki, inflyasiya
və iqtisadi artım üzrə proqnozlar hazırlanarkən bir sıra əsas
amillər nəzərə alınır. Bunlar arasında inflyasiyanın və iqtisadi
artımın faktiki dinamikası da yer alır.

Onun sözlərinə görə, Azərbaycanın əsas ticarət tərəfdaşı olan
ölkələrdə inflyasiyanın yüksəlməsi ölkədə inflyasiya proqnozlarına
təsir göstərən əsas xarici amillərdən biridir.




“İnflyasiya proqnozunun yuxarı istiqamətdə yenidən nəzərdən
keçirilməsi əsasən xarici mənşəli amillərlə bağlıdır. Bu baxımdan
Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın
yüksəlməsi mühüm rol oynayır”, – deyə T.Kazımov bildirib.

AMB sədri qeyd edib ki, nominal effektiv məzənnənin əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə daha zəif templə artacağı gözləntiləri
də inflyasiya proqnozlarına təsir edən amillərdəndir.

Onun sözlərinə görə, nominal effektiv məzənnənin artımı
inflyasiyanı azaldan faktor hesab olunur. Lakin məzənnənin artım
tempinin zəifləməsi bu təsirin də azalmasına gətirib çıxarır.

T.Kazımov əlavə edib ki, iqtisadi artım proqnozlarına faktiki
iqtisadi artım tempinin zəifləməsi, eləcə də iqtisadiyyatın
potensial artım imkanlarında baş verən dəyişikliklər təsir
edir.

AMB sədri vurğulayıb ki, inflyasiya proqnozlarının
dekompozisiyası zamanı dövlət istehlakı, ev təsərrüfatlarının
istehlakı, əsas kapitala investisiyaların dinamikası və digər
makroiqtisadi göstəricilər də nəzərə alınır.