Bakı. Trend:
Fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən
olunur.
Trend xəbər verir ki, bu barədə məlumat Qafqaz Müsəlmanları
İdarəsi Qazılar Şurası Ramazan ayının başlaması münasibətilə
verdiyi fətvada əks olunub.
Qeyd olunub ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları
İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar
vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.
“Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Digər mənbələrdən
daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə
səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlarımız
tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya
vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə
olunur. İnşallah, Ramazan bayramının tarixi Şəvval ayının hilalının
görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf
edəcəkdir. Ayın üfüqi vəziyyəti ilə bağlı olaraq Qafqaz
Müsəlmanları İdarəsinın Qazılar Şurası Eydül-Fitr – Ramazan
bayramının tarixi barədə əlahiddə məlumat verəcək”.

