
Bakı.Trend:
Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə avro ilə
aparılan əməliyyatların iyulun 1-nə olan göstəriciləri
açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik bülletenə
əsasən, cari il iyulun 1-nə BKM vasitəsilə ümumi məbləği 2,1 milyon
avro olan 18 min ödəniş əməliyyatı həyata keçirilib.
Trend-in AMB-nin
məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin
müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 1,4 min və ya 8,4
faiz artıb, məbləğ isə ötən ilin müvafiq dövrü ilə müqayisədə
dəyişməyib.
Bankın məlumatına görə, ötən ilin iyun ayında Azərbaycanda BKM
vasitəsilə ümumi məbləği 2,1 milyon manat olan 16,6 min ödəniş
əməliyyatı həyata keçirilib.
Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin
təhlükəsiz və operativ emalını, yəni banklar arasında ödənişlərin
düzgün ötürülməsini və yekunlaşdırılmasını təmin edən texnoloji və
maliyyə infrastrukturudur.
Qeyd edək ki, bankın məlumatına görə, iyunun sonuna bank sistemi
və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının
sayı 22,798 milyona çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu
göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz
artıb.
Bundan əlavə, qeyd olunur ki, debet kartlarının sayı 12 faiz
artdığı halda, kredit kartlarının sayı 3,5 faiz azalıb.
AMB-nin məlumatında deyilir:
“İlin əvvəlindən ölkə daxilində nağdsız əməliyyatların həcmi
ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb.
2026-cı ilin iyun ayında ödəniş kartlarından istifadə edilməklə
ölkə daxilində həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,902
milyard manat təşkil edib. Bu məbləğin 8,575 milyard manatı
elektron ticarətin payına düşüb.
Ödənişlərin qalan hissəsi POS-terminallar vasitəsilə – 1,325
milyard manat, həmçinin özünəxidmət terminalları və bankomatlar
vasitəsilə – 2,5 milyon manat təşkil edib.
İlin əvvəlindən ödəniş kartları ilə ölkə daxilində həyata
keçirilən nağdsız əməliyyatların həcmi Azərbaycanda kartlarla
həyata keçirilən ümumi əməliyyatların 69,8 faizini təşkil
edib”.

