Azərbaycan Kubokunun yarımfinalında 18 illik məhsuldarlıq təkrarlanıb

Baş səhifə
Azərbaycan Kubokunun yarımfinalında 18 illik məhsuldarlıq təkrarlanıb

Azərbaycan Kubokunun yarımfinal mərhələsində 18 illik rekord təkrarlanıb.

Bu barədə “Report”a Peşəkar Futbol Liqasından bildirilib.

Yarımfinalın ilk oyunları meydana çıxan 4 komandadan üçünün 2 qol vurması ilə yadda qalıb. “Qarabağ” – “Sabah” qarşılaşmasında (2:2) hər iki komanda, “Turan Tovuz” – “Ziirə” matçında (0:2) qonaqlar iki dəfə fərqlənib.

Ölkə kuboku tarixində 3-cü dəfə yarımfinalın ilk oyunlarında ən azı 3 komanda 2 və ya daha çox qol vurub. Belə məhsuldarlığa sonuncu dəfə 18 il əvvəl təsadüf olunub. 2007/08 mövsümündə “Qəbələ” – “Xəzər-Lənkəran” (1:3) və “Neftçi” – “İnter” (2:2) cütlərində yalnız bir komanda 2-dən az qol vurub.

1994/1995 mövsümündə də oxşar hadisə yaşanıb. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında üç komanda məhsuldarlıq göstərib.

Ümumilikdə isə 2 görüşdə 6 qol vurulub və orta məhsuldarlıq 3,00-ə bərabər olub. 1/2 finalın ilk oyunlarında Azərbaycan kuboku tarixində 9-cu dəfə bu rəqəm 3 və ya daha yüksək olub.

Mütləq rekord 1994/1995 mövsümünə məxsusdur. “Neftçi” – “Xəzri” (2:1) və “Kəpəz” – “Kur-Nur” (3:3) matçlarında 9 qol vurulub və orta göstərici 4,50 olub. 2007/2008 və 2008/2009 mövsümlərində 8, 2023/2024 mövsümündə 7 qol qeydə alınıb. 1997/1998, 2015/2016, 2016/2017 və 2022/2023 mövsümlərində isə indiki kimi ilk oyunlar 6 qolla yekunlaşıb.