
Bakı. Trend:
Asiya İnkişaf Bankının məlumatına görə, struktur məhdudiyyətləri
və karbohidrogen sektorunun dinamikasındakı dəyişiklikləri nəzərə
alaraq Azərbaycanda orta müddətli perspektivdə adambaşına düşən
ÜDM-in artımında kəskin artım gözlənilmir.
Bu barədə Trend
məlumat verir.
AİB-in son proqnozlarına əsasən, adambaşına düşən ÜDM-in artım
tempi 2021–2022-ci illərdə dirçəliş nümayiş etdirdikdən sonra
zəifləyərək qeyri-bərabər dinamika göstərib:
2021: 5,1%
2022: 4,3%
2023: 0,7%
2024: 3,6%
2025: 1,0%
2026: 1,8%
2027: 1,6%
Bank qeyd edir ki, ölkənin iqtisadi dinamikası əvvəl olduğu kimi
fiskal siyasət və enerji sektorunun inkişafı əsasında
müəyyənləşəcək.
“2026-cı ildə iqtisadi artımın dövlət xərclərinin potensial
artımı hesabına 2% səviyyəsində olacağı proqnozlaşdırılır. 2027-ci
ildə isə karbohidrogen hasilatının gözlənilən azalması fonunda bu
göstəricinin 1,8%-ə qədər enəcəyi gözlənilir”,-deyə hesabatda qeyd
olunur.
Eyni zamanda bank vurğulayır ki, dövlət xərclərinin strukturu
iqtisadiyyata təsiri məhdudlaşdıra bilər.
“Dövlət xərclərinin ümumi həcmi artsa da, investisiya
xərclərinin azalması iqtisadi artımı ləngidə bilər”,-deyə AİB qeyd
edib.
Hesabatda bildirilir ki, neft hasilatının azalması digər
sektorlarda artımı kompensasiya edə bilər.
“Neft hasilatının gözlənilən azalmasının qeyri-neft sektorunun
genişlənməsini neytrallaşdıracağı ehtimal edilir”.
Hesabatda qeyd olunur ki, 2026 və 2027-ci illərdə xidmətlər
sektorunun müvafiq olaraq 3,5% və 3,4%, kənd təsərrüfatının 1,4% və
1,0% artacağı, sənaye sektorunun isə müvafiq olaraq 0,2% və 0,1%
azalacağı gözlənilir.
Bankın qiymətləndirmələrinə görə, inflyasiya yaxın perspektivdə
yüksək olaraq qalacaq, lakin sonradan tədricən azalacaq.
“İnflyasiya 2027-ci ildən etibarən azalmağa başlayacaq, lakin
qlobal geosiyasi risklər və təklif şokları səbəbindən yüksək
qeyri-müəyyənlik qalmaqdadır”,-deyə hesabatda qeyd olunur.
İnflyasiya təzyiqlərinə təsir edən amillər kimi bank daxili və
xarici qiymət düzəlişlərini qeyd edir.
“2025-ci ilin yanvarında kommunal və nəqliyyat xidmətləri üzrə
tariflərin artırılması, 2025-ci ilin oktyabrında nəqliyyat
tariflərində əlavə düzəlişlər və 2026-cı ilin yanvarında benzinin
qiymətinin artması inflyasiya təzyiqini formalaşdıracaq”,-deyə AİB
bildirib.
Buna baxmayaraq, inflyasiya tədricən azalacaq.
“ 2026-cı ildə inflyasiya 5,7% təşkil edəcək. 2027-ci ildə isə
ticarət tərəfdaşlarında karbohidrogen qiymətlərinin aşağı düşməsi
nəticəsində idxal inflyasiyanın zəifləməsi şərti ilə bu göstərici
4,9%-ə qədər enə bilər”,-deyə AİB əlavə edib.

